İDMAN
Yüksək Liqa: “Neftçi” klubu “Murov” ilə oyuna çıxmayıb
Bakı, 3 mart, AZƏRTAC
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında dördüncü dövrəyə start verilib.
AZƏRTAC xəbər verir ki, bu gün Voleybol Mərkəzində təşkil olunan onuncu turda “Xarı bülbül” klubu MOİK ilə üz-üzə gəlib. Qarşılaşma Şuşa komandasının qələbəsi ilə başa çatıb. İlk setdə 25:19 hesabı ilə üstün olan “Xarı bülbül” ikinci setdə 24:26 hesabı ilə məğlub olub. Bununla belə, təcrübə öz sözünü deyib. Üçüncü və dördüncü hissələri 25:17, 25:17 hesabı ilə qalib başa vuran “Xarı bülbül” üç xalı 3:1 hesablı qələbə ilə əldə edib.
Onuncu turun “Neftçi” - “Murov” qarşılaşması baş tutmayıb. “Neftçi” klubu oyuna çıxmadığına görə matçın hakimləri və oyunun supervayzeri qaydalara uyğun olaraq komandaya texniki məğlubiyyət veriblər.
Beləliklə, on turdan sonra Azərbaycan Yüksək Liqasında “Murov” 29 xalla turnir cədvəlində birincidir. On səkkiz xala malik “Xarı bülbül” ikinci, 12 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.