Yüksək Texnologiyalar Parkında yeni layihələrin təqdimatına həsr olunmuş tədbir keçirilib
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 8-də AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) icra olunan yeni layihələrin təqdimatına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamına əsasən yaradılmış Yüksək Texnologiyalar Parkının elmi ictimaiyyət üçün çox önəmli missiya daşıdığı vurğulanıb.
Həmçinin texnoparkın baş plan layihəsi, burada həyata keçirilən tədbirlər, mövcud maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti barədə ətraflı məlumat verilib. Bildirilib ki, YT Parkın yaradılmasında əsas məqsəd ölkədə iqtisadiyyatın davamlı inkişafına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdan ibarətdir. Bununla yanaşı, elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması YT Parkın strateji hədəfləri sırasındadır.
Sonra texnoparka yeni rezident kimi qəbul olunmuş “PROLİNE CHEMİCALS” MMC-nin rəhbərinə müvafiq şəhadətnamə təqdim edilib.
Tədbirdə texnoparkda biznes inkubasiya proqramı çərçivəsində erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi məqsədilə keçirilən inkubator rezidentliyinə seçim müsabiqəsinin qalibinə sertifikat verilib.
Daha sonra YT Parkın rezidenti “TAK NOOSH GROUP” MMC-nin istehsal sahəsinin təməlqoyma mərasimi keçirilib. Qeyd edilib ki, kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəsi müasir texnologiyaların tətbiqi ilə yeni emal müəssisəsinin yaradılmasını hədəfləyir, eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalını planlaşdırır.
Tədbir çərçivəsində AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin laboratoriyasında görülmüş işlərə baxış keçirilib, “İntertek” şirkətinin laboratoriyasının və rezident “Bakı Polimer İstehsalat” MMC-nin istehsalat müəssisəsinin açılışı olub. Eyni zamanda, qonaqlar texnoparkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal sahəsi və mərkəzi anbarı ilə tanış olublar.