YUNESKO-DA AZƏRBAYCAN GÜNÜ KEÇİRİLMİŞDİR
YUNESKO-nun iqamətgahında Mehriban xanımı təşkilatın baş direktorunun müavini Marsio Barboza, protokol idarəsinin başçısı Jan Lük Şan, xoşməramlı səfirlər proqramının rəhbəri Basma İrşed, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Eleonora Hüseynova və digər rəsmi şəxslər səmimiyyətlə qarşıladılar.
Azərbaycan günü YUNESKO-nun sərgi salonunda təşkil olunmuş və respublikamızın gözəl mənzərələrini, zəngin mədəniyyətini, tarixini, xalqımızın adət-ənənələrini, mədəni irs nümunələrini, azsaylı xalqların həyatını əks etdirən fotoşəkillərdən, misgərlik sənətinin nümunələrindən ibarət sərgi ilə açıldı.
Sərgini açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xoşməramlı səfir Mehriban xanım Əliyevanın səyləri sayəsində son zamanlar YUNESKO ilə Azərbaycan arasında hərtərəfli əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulamış, təhsil sisteminin yenidən qurulmasında təşkilatın ölkəmizə köməyindən, Azərbaycanda milli azlıqların mədəniyyətinin inkişafına dövlət qayğısından, mədəni və qeyri-maddi irsin qorunub saxlanılmasında, abidələrimizin Dünya mədəni irs siyahısına daxil edilməsində YUNESKO-nun rolundan danışmışdır.
Xoşməramlı səfir Mehriban xanım Əliyeva və təşkilatın baş direktoru Koişiro Matsuura sərgi ilə yaxından tanış olmuşlar.
Sonra Mehriban Əliyeva açılış mərasimində çıxış etmişdir.