YUNESKO-DAKI SÖHBƏT FAYDALI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfransda ölkəmizi Milli Məclisin deputatı Elman Məmmədov və Şuşa şəhəri icra hakimiyyətinin başçısı Nizami Bəhmənov təmsil etmişlər. Onlar “dəyirmi masa” arxasında müzakirə olunan məsələlərə öz münasibətlərini bildirmişlər.
Respublikamızın Fransadakı səfirliyi Azərbaycan nümayəndələrinin YUNESKO-nun mədəni irs bölməsinin direktoru M.Qmozlu ilə görüşünü təşkil etmişdir. Görüş zamanı N.Bəhmənov işğal edilmiş ərazilərimizdə ermənilər tərəfindən məhv olunmuş tarixi abidələrimiz barədə məlumat vermiş, Şuşa şəhərinin işğaldan əvvəl və sonrakı mədəni mənzərəsini əks etdirən yazılı məlumatı və fotoşəkilləri bölmənin direktoruna təqdim etmiş, XX əsrin 50-60-cı illərində qurumun vəsaiti hesabına Şuşada Mir Möhsun Nəvvaba və Gövhər ağaya qoyulmuş qəbirüstü abidələrin belə işğalçılar tərəfindən tamamilə yerlə-yeksan edildiyini xatırlamışdır.
Milli Məclisin deputatı E.Məmmədov isə ötən əsrin qara səhifələrindən biri olan Xocalı soyqırımı barədə danışmış, müxtəlif ölkələrin jurnalistlərinin Xocalı faciəsini əks etdirən məqalələrindən və fotoşəkillərdən ibarət ingilis dilində çap olunmuş kitabçanı direktora təqdim etmişdir.
Bölmənin direktoru işğal olunmuş ərazilərdə tarixi abidələrin dağıdılması ilə əlaqədar qiymətli informasiyaya və sənədlərə görə minnətdarlığını bildirmiş və bu sahədə müəyyən işlər aparıldığını söyləmişdir.