Yusif Vəliyev: Gənclər Fondu olaraq fəaliyyətimizi genişləndirməkdə israrlıyıq
Bakı, 10 iyul, AZƏRTAC
İyulun 13-dən etibarən gənclərimiz üçün ənənəvi "Yay Fest" yay düşərgəsinə start veririk. 8 həftə davam edəcək bu düşərgə gənclərə bütün yay tətilini həm əylənərək, həm də yeni biliklər öyrənərək bizimlə birgə keçirmək imkanı yaradacaq. Layihənin elan olunmasından cəmi bir həftə keçməsinə baxmayaraq, artıq 6000-dən çox gənc müraciət edib. Hazırda seçim mərhələsi aparılır və ümumilikdə düşərgədə 2000 gəncin iştirakı planlaşdırılır.
Bunu AZƏRTAC-a açıqlamasında Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev deyib.
O, həmçinin qeyd edib ki, respublikanın regionlarında yaşayan gəncləri əhatə edən "Səyyar Gənclər Xidməti" layihəsi də paralel olaraq davam etdirilir: “Bu layihə ümumilikdə 20 şəhər və rayonu əhatə edəcək. Artıq üçüncü şəhər olaraq Qəbələdə fəaliyyətimizi uğurla təşkil etmişik. Növbəti həftədən etibarən isə xidmətimiz İsmayıllı, Şamaxı və digər təyin olunmuş rayonlarda gənclərin sərəncamında olacaq. Məqsədimiz illər ərzində qazanılmış təcrübə ilə Azərbaycanın bütün rayonlarındakı gənclərə tam əlçatımlılığı təmin etməkdir. Həmçinin bildirim ki, fond tərəfindən həm gənclər təşkilatları, həm də fərdi gənclər üçün elan olunmuş qrant müsabiqəsinin qiymətləndirmə mərhələsi artıq yekunlaşıb. Yaxın vaxtlarda seçilən qaliblərlə rəsmi müqavilələr bağlanılacaq və ilin sonunadək həm fərdi gənclərin, həm də təşkilatların layihələrinin icrası tərəfimizdən təmin ediləcək. Eyni zamanda, Gənclər Fondu olaraq ilin sonuna kimi fəaliyyətimizi genişləndirməkdə israrlıyıq. Növbəti aylarda gənclərin iştirakı ilə müxtəlif istiqamətli düşərgələrin keçirilməsi, könüllülük hərəkatının daha da aktivləşdirilməsi və gənclərimizin potensialını üzə çıxaracaq digər irimiqyaslı layihələrin reallaşdırılması planlaşdırılır”.