CƏMİYYƏT
Zaqatalada sahibkarlarla görüşdə fındıq istehsalının artırılması yolları müzakirə olunub
![Zaqatalada sahibkarlarla görüşdə fındıq istehsalının artırılması yolları müzakirə olunub](/files/2023/1/1200x630/16783637234296549978_1200x630.jpeg)
Bakı, 9 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi bölgələrdə zərərvericilərə qarşı mübarizəyə dair maarifləndirici tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində növbəti görüş Zaqatalada fındıq istehsalçıları və ixracatçıları ilə keçirilib. Görüşdə 2023-cü il yanvarın 1-də qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” Qanunda öz əksini tapmış yeniliklər sahibkarların diqqətinə çatdırılıb, formalaşmış hüquqi baza haqqında geniş məlumat verilib.
Görüş zamanı son dövrlərdə karantin tətbiq edilən qəhvəyi mərmər bağacığına qarşı qışlama yerlərində həyata keçirilən mexaniki mübarizə tədbirləri haqqında məlumat verilib, yeni mövsümdə zərərvericinin vura biləcəyi zərəri minimuma endirmək məqsədilə sahibkarlar tərəfindən feromon tələ və pestisid ehtiyatının əvvəlcədən yaradılmasının vacibliyi bildirilib.
Görüşdə fındıq ixracı zamanı qarşıya çıxan əsas problemlər, ixrac prosesi zamanı məhsullardan götürülmüş nümunələrin müayinələrinin nəticələri və təhlükəsiz məhsul istehsalı ilə bağlı məlumatlar diqqətə çatdırılıb, sahibkarları narahat edən fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb, eyni zamanda aflatoksinin yaranmaması üçün aqrotexniki qaydalara, həmçinin normativ aktların tələblərinə riayət edilməsinin zəruriliyi vurğulanıb.
Tədbirdə “Fındıq məhsullarında aflatoksinin qarşısının alınması ilə bağlı tədbirlərə dair Risk İdarəetmə Planı”na uyğun olaraq 2023-cü ildə aflatoksinlə bağlı bir çox məsələlərin həlli sahəsində işlərin görüləcəyi, xüsusilə təsərrüfat subyektləri, fermerlər, istehsalçılarla müxtəlif mövzularda maarifləndirici görüşlərin təşkil ediləcəyi, fındıq yığımı və tədarükü vaxtlarının müəyyən ediləcəyi, emal müəssisələrinin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlərin təşkili kimi vacib tədbirlərin həyata keçiriləcəyi bildirilib.
Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, “Aflatoksinsiz fındıq”, “Qəhvəyi mərmər bağacığı” və “Qida məhsullarının etiket məlumatları” adlı bukletlər paylanılıb.