Zaqatalada tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakı, 2 sentyabr, AZƏRTAC
Mayın 14-də Zaqatala rayonu ərazisində İlyas İlyasovun bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Zaqatala Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin tanışı Əliməmməd Əliməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlyas İlyasovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Cinayət işi üzrə istintaq yekunlaşdırılıb və baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.