Zaur Əliyev: Aqrar sahənin inkişafında resurslara qənaət edən yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır
Bakı, 4 iyun, AZƏRTAC
Yeni Dövlət Proqramında aqrar sektorun dayanıqlı inkişafını təmin edəcək fundamental tədbirlər öz əksini tapıb. Proqram həm bitkiçilik, həm heyvandarlıq sahələrinin inkişafını, həm də kənd təsərrüfatı istehsalının səmərəliliyinin artırılmasını nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”ndən irəli gələn məsələlərə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sənəddə kənd təsərrüfatı və aqrobiznes sahəsində fəaliyyət göstərən subyektlərin ehtiyaclarına uyğun kompleks tədbirlər müəyyənləşdirilib.
“Əsas məqsədlərdən biri fermerlərin xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və istehsal prosesinin daha səmərəli təşkili üçün əlverişli mühitin formalaşdırılmasıdır. Dövlət Proqramında aqrar xidmətlərin əlçatanlığının artırılması, dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və istehsalçıların müasir xidmətlərlə təmin olunması istiqamətində mühüm tədbirlər nəzərdə tutulub. Beynəlxalq təşkilatların proqnozlarına əsasən, Azərbaycan 2050-ci ilədək su resursları baxımından risk qrupuna daxil olan ölkələr sırasında yer ala bilər. Bu baxımdan, aqrar sahənin inkişafında resurslara qənaət edən yanaşmaların tətbiqi xüsusi əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.
Nazir müavininin sözlərinə görə, Dövlət Proqramında müəyyən edilmiş əsas hədəflərdən biri müasir suvarma sistemlərinin tətbiq olunduğu əkin sahələrinin genişləndirilməsidir: “Belə ki, hazırda 160 min hektar olan müasir suvarma sahələrinin 300 min hektara çatdırılması nəzərdə tutulur. Bu hədəf kənd təsərrüfatında məhsuldarlığın artırılması və su ehtiyatlarından daha səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, suvarma şəbəkələrinin yenilənməsi və modernləşdirilməsi istiqamətində də genişmiqyaslı işlər həyata keçiriləcək”.
Nazir müavini əlavə edib ki, Dövlət Proqramında ilk dəfə olaraq torpaq konsolidasiyası xüsusi istiqamət kimi müəyyənləşdirilib.
“Bu yanaşma torpaq sahələrinin səmərəli istifadəsinə və aqrar istehsalın iqtisadi cəhətdən daha effektiv təşkilinə imkan verəcək. Azərbaycanda torpaq sahələrinin əhəmiyyətli hissəsi parçalanmış vəziyyətdədir. Bir çox hallarda fermerlərin mülkiyyətində olan torpaq sahələri müxtəlif ərazilərdə yerləşir. Torpaq konsolidasiyası həmin sahələrin birləşdirilməsini, fermerlərin daha böyük və vahid təsərrüfat sahələrində fəaliyyət göstərməsini təmin edəcək. Bu isə həm istehsal xərclərinin azalmasına, həm müasir texnologiyaların tətbiqinə, həm də suvarma infrastrukturunun daha səmərəli qurulmasına şərait yaradacaq”, – deyə Zaur Əliyev vurğulayıb.
Onun sözlərinə görə, həyata keçiriləcək tədbirlər nəticəsində kənd təsərrüfatında məhsuldarlığın artırılması, resurslardan istifadənin optimallaşdırılması və aqrar sektorun iqlim dəyişikliklərinə qarşı dayanıqlığının gücləndirilməsi mümkün olacaq.