ZIĞ QƏSƏBƏSİNİN 13 YAŞLI SAKİNİNƏ ƏLİL ARABASI BAĞIŞLANMIŞDIR
“Oriqami” birliyinin sədri və “Qayğı” mərkəzinin əlaqələndiricisi Namiq Nəcəfov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, başçılıq etdiyi təşkilat çoxprofillidir. Bura psixokorreksiya üzrə iş, qüsurların aradan qaldırılması və sair daxildir.
Onun sözlərinə görə, hazırda ölkədə 400 mindən çox əlil vardır və onların müasir cəmiyyətə inteqrasiyası çox çətindir. Bu adamlar, xüsusilə, fiziki fəallığı, şəxsi ünsiyyəti və s. məhdudlaşdıran vəziyyətlərdə olan uşaqlar öz asudə vaxtlarını, idrak proseslərini fiziki inkişafla uyğunlaşdıran fəal istirahəti bu və ya digər dərəcədə təşkil edə bilmirlər. “Oriqami” bu mənada, cüzi də olsa, onların problemlərini həll edir.
Məlumat üçün: oriqami (yapon dilində “ori” yığmaq, “kami” isə kağız deməkdir) yapışqandan istifadə etmədən kağızdan fiqurlar hazırlamaq sənətidir. Uşaqlar üçün oriqami ilə məşğul olmaq çox vacibdir, çünki bu kağız sənəti uşağın dünyagörüşünü formalaşdırır.
Postsovet məkanında cəmi beş “Oriqami” mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərin ikisi Moskvada, ikisi Sankt-Peterburqda, biri isə ölkəmizdədir. Azərbaycan bu sənətlə məşğul olan beynəlxalq oriqamistlər şəbəkəsinə daxildir, Avstriya və Avstraliyadan sonra üçüncü yerdədir.
Xatırladaq ki, “Oriqami” dekabrın 29-da əlil uşaqlar üçün Yeni il şənliyi keçirəcəkdir.