CƏMİYYƏT
Zirə qəsəbəsində süd məhsullarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
![Zirə qəsəbəsində süd məhsullarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb](/files/2023/1/1200x630/1678968019650806845_1200x630.jpg)
Bakı, 16 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Xəzər rayonu, Zirə qəsəbəsindəki Tərəvəzçilik-Südçülük sovxozunda “Zirə Süd” MMC-yə məxsus süd məhsullarının emalı müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinə əməl edilmədiyi, hazır məhsulların və qablaşdırma materiallarının birbaşa döşəmənin üzərində saxlanıldığı, döşəmə, divar və tavanın tamlığının pozulduğu, müəssisədə emal prosesində istifadə edilən südün minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərin göstərilmədiyi, məhsulların etiketlənməsində yanlış məlumatların qeyd olunduğu, temperatur rejiminin gözlənilmədiyi və digər nöqsanlar müəyyən olunub. Eyni zamanda, istehsal sahəsində yerləşdirilmiş soyuducuda saxlanılan 15 ədəd 1 litrlik qablaşdırmada satış üçün nəzərdə tutulan, üzərində müvafiq etiket məlumatları olmayan süd məhsulu aşkarlanıb.
Müəssisədə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinələrinin aparılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.