REGİONLAR
Zülfikar Bayraktar: Naxçıvanda gəncliyin inkişafı üçün hər cür şərait yaradılıb
Naxçıvan, 30 iyun, AZƏRTAC
Naxçıvanda olarkən gördüm ki, burada gəncliyin inkişafı üçün hər cür şərait yaradılıb. Ali təhsil ocaqlarındakı tədris şəraiti olduqca ürəkaçandır. Türkiyəyə qayıdandan sonra yaxın dost-tanışa da təhsil almaları üçün Naxçıvandakı universitetləri seçmələrini tövsiyə edəcəyəm.
Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan şəhərində keçirilən III Beynəlxalq Gənclik Araşdırmalar Konqresinin iştirakçısı, Bandırma Onyedi Eylül Universitetinin dosenti Zülfikar Bayraktar səsləndirib.
“Türk dünyasının böyük oğlu Heydər Əliyevin çox gözəl bir kəlamı var: Gənclər bizim gələcəyimizdir. Doğrudan da, əgər gələcəyimizin sağlam təməllər üzərində qurulmasını istəyiriksə, gənclərin yüksək təhsil almaları, yaxşı mütəxəssis kimi yetişmələri üçün indidən lazım olan işləri görməliyik” – deyən Zülfikar Bayraktar vurğulayıb ki, gəzdiyi digər ölkələrdə çox acınacaqlı hallarla qarşılaşıb. Amma Naxçıvana ayaq basan andan burada sabitliyin, əmin-amanlığın hökm sürdüyünü, hər tərəfin, sözün həqiqi mənasında, gülüstana çevrildiyinin şahidi olub.
“Yüksək qonaqpərvərlik, mehriban münasibət, təmizlik, səliqə-sahman, bir sözlə, görünən hər şey gözəldir. Burada olmaqdan çox məmnun qaldım, bizə göstərilən diqqətə görə minnətdaram”, - deyə Zülfikar Bayraktar əlavə edib.