REGİONLAR
Səmti müəyyən etmə idman növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib VİDEO
Şabran, 15 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Oktyabrın 15-də Şabran rayonunun Qalaaltı meşə zolağında səmti müəyyən etmə idman növü üzrə növbəti açıq respublika çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən 18 komanda üzrə 350 idmançı mübarizə aparıb.
Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi birinciliyin açılış mərasimində qeyd olunub ki, bu kimi yarışlar səmti müəyyən etmənin ölkəmizdə kütləvi idman növü kimi tanınması, sağlam həyat tərzi və ətraf mühitə qayğı ilə yanaşmanın təbliği üçün keçirilir. Bununla yanaşı, turnir ölkənin səmti müəyyən etmə idman növü üzrə milli yığma komandası üçün idmançıların üzə çıxarılması baxımından da böyük əhəmiyyətə malikdir.
İştirakçılar elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil edilən çempionatda “Elit”, “Open” və “Junior” kateqoriyaları üzrə orta və uzun məsafədə yarışıblar. Yarış idman xəritəçiliyi sahəsində tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilib.
Gərgin keçən mübarizədən sonra həm komanda hesabında, həm də fərdi yarışlarda qaliblərin adları müəyyənləşib. “Dağçılıq” idman klubunun üzvləri komanda hesabında açıq respublika çempionatının kubokunu qazanıb. “Neftçi” idmançıları ikinci, “Dağçılıq” idman klubunun ikinci komandası isə üçüncü yerə layiq görülüb.
Qalib idmançılara və komandalara medal və diplomlar təqdim olunub.
Bu turnir Şabran rayonunun Qalaaltı meşə zolağında keçirilən sayca 4-cü yarışdır. Daha öncə burada 3 respublika çempionatı və 1 beynəlxalq yarış keçirilib. Bundan başqa Qalaaltı meşə zolağında 100-ə yaxın idmançının iştirakı ilə təlim-məşq toplanışları da təşkil olunub.