REGİONLAR
Şimal bölgəsinə qar yağıb VİDEO
Qusar, 6 dekabr, Elxan Yusifli, AZƏRTAC
Dekabrın 5-i axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinə qar yağmağa başlayıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, ən çox yağıntı Quba-Təngəaltı zonasına düşüb. Burada qarın hündürlüyü 20 santimetrə çatır. Adətən yağıntının daha çox düşdüyü Xınalıq, Qırız kimi ucqar dağ kəndlərində isə 8-13 santimetrədək qar var. Bununla belə, ən aşağı temperatur da məhz Qırız kəndində qeydə alınıb - mənfi 18 dərəcə.
Qarın hündürlüyü Qusarda 17, Xızının Altıağac qəsəbəsində 10, Xaçmazda 2 santimetr təşkil edir.
Qarın yağması ilə əlaqədar şimal bölgəsində temperatur mənfi 4-10 dərəcəyədək aşağı düşüb.
Hazırda şimal rayonlarına qar yağmaqda davam edir. Proqnoza görə, qarlı hava şəraiti dekabrın 7-dək davam edəcək.