Milli Qəhrəman Çingiz Qurbanovun döyüş yolu hərbi xidmətə yollanan qusarlı gənclərə örnəkdir VİDEO






Qusar, 11 aprel, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonundan olan gənclər hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə aprelin 11-də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin, valideynlərin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə təntənəli mərasim keçirilib.
Mərasimdə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun atası Salman Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qusar rayon şöbəsinin rəisi Nicat Həsənov və başqaları çıxış edərək, çağırışçıları Vətənə sədaqətlə xidmət etməyə səsləyiblər. Bildirilib ki, müasir Azərbaycan Ordusu yüksək intizamı və döyüş hazırlığı ilə dünyanın əksər silahlı birləşmələrinə nümunədir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlarda aprel döyüşlərindən də danışılıb. Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı yaranmış mifin darmadağın olunduğu aprel döyüşlərinin şanlı qələbəmiz olduğu qeyd edilib.
Övladlarını hərbi xidmətə yola salan valideynlər qürur hissi keçirdiklərini söyləyib, çağırışçılara Vətəni göz bəbəyi kimi qorumağı tövsiyə ediblər.
Qusarlı çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərinə söz verib, işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə hazır olduqlarını bildiriblər. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun döyüş yolunu özlərinə nümunə götürdüklərini söyləyən gənclər xidmətə böyük ruh yüksəkliyi ilə yollandıqlarını deyiblər.
Çağırışçılar Qusarda yerləşən hərbi hissənin əsgərlərinin nümunəvi çıxışlarına və rayon bədii özfəaliyyət kollektivlərinin ifalarına tamaşa etdikdən sonra hərbi xidmətə yola salınıblar.