İpək yolu üzərində yerləşən ölkələrin musiqi təhsili üzrə alyansı təsis edilib VİDEO
Pekin, 8 may, AZƏRTAC
Pekində İpək yolu üzərində yerləşən ölkələrin musiqi təhsili üzrə alyansının təsis yığıncağı keçirilib.
Qədim İpək yolu üzərində yerləşən ölkələr arasında musiqi təhsili sahəsində əlaqələrin daha da dərinləşdirilməsi, ümumi məsələlərin birgə müzakirəsi üçün platformanın təmin olunması məqsədilə yaradılan alyansın təsis yığıncağı Çin Mərkəzi Konservatoriyasında keçirilib. Təsis yığıncağında qeyd olunub ki, bu alyans üzv ölkələrin musiqi təhsili müəssisələrinin təcrübə mübadiləsi, birgə konsertlərin, seminarların, təlimlərin təşkili, müvafiq istiqamətlərdə araşdırmaların və təhlillərin aparılması ilə ortaya çıxan nəticələrin musiqi təhsili müəssisələrində tətbiqi işinə töhfə verəcək.
Bundan başqa, tarixi İpək yolu üzərində yerləşən ölkələr arasında mədəni sahədə əməkdaşlığın dərinləşməsinə, xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə müsbət təsir göstərəcək.
Azərbaycanı tədbirdə Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova təmsil edib.
Təsis yığıncağı çərçivəsində keçirilən elmi simpoziumlarda alyansa qoşulan ölkələrin musiqi tarixi, habelə musiqi təhsilinin vəziyyəti barədə məruzələr dinlənildi.
Professor Yeganə Axundova məruzəsində xalqımızın zəngin musiqi sənətinin çoxəsrlik inkişaf tarixi barədə danışıb. Müsəlman şərqində peşəkar musiqi ənənələrinin məhz Azərbaycanda yarandığını, bunun bariz nümunəsinin dahi Üzeyir Hacıbəylinin müəllifi olduğu “Leyli və Məcnun” operasının olduğunu qeyd edib.
Bildirilib ki, hazırda Azərbaycan musiqisi bütün janrlar üzrə yeni inkişaf dövrünü yaşayır.
Yığıncaq çərçivəsində alyans ölkələrinin milli musiqi alətlərindən ibarət sərgi, xalq musiqilərindən və rəqslərindən ibarət təqdimatlar olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin