Azərbaycan Dövlət İnformasiya Agentliyi

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi. Bakı Olimpiya Stadionundan AZƏRTAC-ın onlayn reportajı FOTO VİDEO

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edir. Bir müddət sonra Bakı Olimpiya Stadionunda Oyunların rəsmi açılış mərasiminə start veriləcək. 

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. 2015-ci il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş hazırlıq görülüb. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. İndidən tam əminliklə demək olar ki, Bakıda keçiriləcək Oyunlar İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.

Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, “Formula 1” kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Odlar Yurdu dünyada artıq idman ölkəsi olaraq tanınır. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən digər amil məhz bu sahədə qazanılan zəngin təcrübədir.

Oyunlarda 54 ölkəni təmsil edən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.

İdmanın 24 növü üzrə keçiriləcək yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu Oyunlarda 425 atlet təmsil edir. Türkiyə 337 idmançı ilə birinci yeri tutur. Qaliblərə ümumilikdə 1600 medal təqdim ediləcək.

IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçının izləyəcəyi gözlənilir. Yarışları işıqlandırmaq üçün 1000-dən çox media nümayəndəsi akkreditasiyadan keçib. AZƏRTAC Oyunların rəsmi media tərəfdaşıdır. “Bakı-2017”nin işıqlandırılmasına agentliyimizin 70-dək əməkdaşı cəlb olunub.

Oyunların proqramına daxil edilmiş 165 idman yarışı üçün 500 mindən çox bilet satışa çıxarılıb. Açılış və bağlanış mərasimlərinin təşkilində 31 müxtəlif ölkədən 5 mindən çox əməkdaş fəaliyyət göstərir. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə olunacaq. “Bakı-2017”nin 24 beynəlxalq və 17 yerli səfiri, 8 yerli və 5 beynəlxalq sponsoru var. Rəsmi talismanlar - “İncə” və “Cəsur” Azərbaycanın milli sərvəti olan Qarabağ atlarının rəmzləridir.

IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan su səyahətinə aprelin 5-də Prezident İlham Əliyevin iştirakı ilə start verilib. Xəzərdən başlayan və Azərbaycanın 15 regionunu əhatə edən su səyahəti mayın 5-də Bakıda başa çatıb.

Prezident İlham Əliyev Oyunların əhəmiyyətini belə xarakterizə edir: “Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. “İslam Həmrəyliyi İli”nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaqdır”.

Dörd əsas dəyər - “Birlik”, “Sülh”, “Hörmət”, “Mükəmməllik” dəyərləri üzərində qurulan Oyunlar “Gücümüz həmrəylikdədir” devizi altında keçirilir.

İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Oyunların təşkilini yüksək qiymətləndirərək deyir: “Mən ev sahibliyi edən gözəl ölkənin xalqına və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan idmana çox vurğundur və tədbirə ən yüksək standartlar səviyyəsində ev sahibliyi etməkdə qətiyyətini nümayiş etdirdi. Şübhə etmirəm ki, bu Oyunlar “Bakı-2017”nin təşkilatçılarının və könüllülərinin yorulmaz fəaliyyətinin və sadiqliyinin göstəricisidir və idmançılara öz ustalıqlarını nümayiş etdirmək üçün ən yaxşı şərait yaradılacaq”.

Azərbaycan Respublikasının gənclər və idman naziri, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun sözlərinə görə, bu axşam keçirilən mərasim unudulmaz birlik və həmrəylik bayramı olacaq. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları 20 aydan artıq müddət ərzində təfərrüatlı planlaşdırma və hazırlığın zirvə nöqtəsidir və Bakının 16 müasir idman məkanı minlərlə atleti qarşılamağa tam hazırdır.

Mərasimlər direktoru və icraçı prodüseri Katrin Uqvu açılış mərasiminin diqqəti dövlətlər və xalqları bir araya gətirən meyarlara yönəltməyə xidmət etdiyini bildirərək deyir: Bu axşam bəşəriyyətə söyləyəcəyimiz sülh hekayətinin Azərbaycanın mədəniyyətində və adət-ənənələrində dərin kökləri var. İslam sivilizasiyasının vaxtilə bəşəriyyətə verdiyi böyük töhfələr bu gün hər bir istiqamətdə hiss olunur. Bu, ümumi sabahımız üçün nikbinliklə dolu həmrəylik və ümid müjdəsidir. Dünyanın müxtəlif yerlərindən gələn minlərlə insan bu mərasimi reallaşdırmaq üçün uzun aylar çalışıblar. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya, gənclər və idman naziri Azad Rəhimova ən səmimi minnətdarlığımı ifadə edirəm. Onların etimadı və dəstəyi olmadan bu işlərin heç biri mümkün olmazdı. Nəhayət, Azərbaycan xalqına ən dərin minnətdarlığımı bildirirəm. Bu ölkə həqiqətən insan ruhunu ən yaxşı təcəssüm etdirən parlaq ulduzlar ölkəsidir.

Mərasimin proqramına bədii rəhbər Neytan M.Rayt aydınlıq gətirir: Mərasimimizin mərkəzində bakılı qızcığaz - Mina dayanır. Biz Mina və onun dostu çərpələngin köməyi ilə dünyanı kəşf etmək üçün səyahətə çıxırıq. O, yolboyu insanların özünəməxsusluğu və irsi, inancları və arzuları ilə tanış olur. Sonda onun gələcəyə ümidi bütövləşir və artır. Minanın hekayəti insanların qüdrətinin, birliyinin mücəssəməsidir. Onun arzusu sülh və harmoniyanın hökm sürdüyü daha yaxşı dünyadır. Artıq bir ildən çoxdur ki, mən Azərbaycan xalqının xeyirxahlığını və səmimiyyətini hiss edirəm, məni onun bu keyfiyyətləri ilhamlandırır.

AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının dünya şöhrətli “Betty Productions Ltd” tərəfindən hazırlanan və beynəlxalq bədii, səhnə quruluşu və texniki heyətlərin iştirakı ilə reallaşdırılan, möhtəşəmlik və unudulmaz anlar vəd edən açılış mərasimindən onlayn reportaja başlayır.

 

21:45

Tamaşaçılar artıq Bakı Olimpiya Stadionunun tribunalarında öz yerlərini tutublar. Bu gözəl və mükəmməl idman qurğusu təxminən iki il əvvəl, Bakıda keçirilən ilk Avropa Oyunları ərəfəsində istifadəyə verilib.

Bu gün stadion ən müasir proyeksiya sistemi ilə təchiz olunmuş böyük səhnəyə çevrilib. Nəhəng səhnənin quraşdırılması altı həftəyə başa gəlib. Açılış mərasiminin hazırlanmasında 31 ölkədən 5 minədək insan, o cümlədən səhnə mütəxəssisləri, texniki heyət və aktyorlar qrupu iştirak edib.

Hündürlüyü 28 metr olan iki minarə diqqəti ilk baxışda cəlb edir. Minarələrin üzərində İslam incəsənətinə xas həndəsi elementlərdən istifadə edilməklə, mərkəzdəki altıbucaqlını bir-biri ilə bağlayan dairələr əks olunub.

Eni 85 metr, hündürlüyü 35 metr olan böyük ekranda real animasiyalardan tutmuş böyük maraq doğuran kinokadrlara qədər bir neçə ay ərzində tərtib edilmiş məzmunca zəngin videoçarxlar nümayiş etdirilir.

Mərasim 2200 Azərbaycan könüllüsü tərəfindən canlandırılacaq. Səhnədə 40-dan çox at, dəvə və ulaq onlara qoşulacaq. Musiqi tərtibatı da olduqca orijinaldır. Belə ki, 100-dən çox dünya şöhrətli musiqiçi tərəfindən görkəmli Azərbaycan bəstəkarlarının, o cümlədən əfsanəvi Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Qara Qarayevin əsərlərindən fraqmentlər səsləndiriləcək. Tamaşaçılar, eyni zamanda, səhnədə muğam ustası Alim Qasımovu və virtuoz nağaraçı Natiq Şirinovu görə biləcəklər.

 

22:00

Nəhəng monitorda İçərişəhərdən havaya qalxan çərpələng görünür. Qızcığaz Mina və dostları bütün şəhər boyu çərpələngin arxasınca qaçaraq stadiona tərəf gəlirlər. Ekranda Alov Qüllələri, Qız Qalası, Filarmoniya Bağı, Heydər Əliyev Mərkəzi, nəhayət, Bakı Olimpiya Stadionu canlanır.

Stadionda əllərində çərpələng tutan uşaqlar 10-dan 1-ə geriyə saymağa başlayırlar. Geriyə sayımın bitməsi ilə açılış mərasiminə start verilir.

Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, Birinci vitse-prezident və “Bakı-2017”nin Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əhməd Əl-Osaymini və digər qonaqları sürəkli alqışlarla salamlayırlar.

 

 

22:07

Stadionda bəstəkar Eldar Mansurovun “Yallı”sı səslənir. Musiqi sədaları altında səhnəyə 700 könüllü çıxır. Onlar əllərində parıldayan altıbucaqlı tutublar. Azərbaycan Dövlət Rəqs Ansamblının 7 metrlik ipək zolaqları yellədən 10 rəqqası onlara qoşulur.

Səhnədə aypara və ulduzlar formalaşdırılır, “Bakı-2017”nin loqosu nümayiş etdirilir. Altıbucaqlar Azərbaycan bayrağına çevrilir.

Aypara İslam təqvimində hər yeni ayın başlanmasını bildirir. Bu, həm də İslam həmrəyliyinin və əməkdaşlığının tarixində yeni fəslin başlanmasına işarədir.

 

 

22:12

Stadionda Azərbaycanın Dövlət himni səslənir. 

Himnin sədaları altında Azərbaycan bayrağı stadiona gətirilir və Xüsusi Dövlət Mühafizə Xidməti Milli Qvardiyasının hərbçiləri tərəfindən dirəyə qaldırılır. Stadionu “Şanlı Vətən” nidaları bürüyür.

Bununla eyni vaxtda stadion üzərində Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayır.

 

22:17

Monitorlarda İslam Həmrəyliyi Oyunları münasibətilə Xəzərdən başlayan su səyahətini və Azərbaycanın gözəl təbiətə malik müxtəlif yerlərindən suyun toplanması mərasimlərini əks etdirən kadrlar göstərilir.

Suları toplayan 16 uşaq - Həyat Allahverdiyeva (Bakı), Murad Əliyarov (Naxçıvan), Mirrahil Ağayev (Astara), Səma Əliyeva (Şirvan), Tahir Quliyev (Sabirabad), Fatimə Şirinova (Ağcabədi), Zemfira Zalova (Horadiz), Aysu Salahova (Gəncə), Murad Namazov (Şəmkir), İsfəndiyar Kərimov (Mingəçevir), Ayşən Hüseynova (Qax), Şəfiqə Bayramzadə (Qəbələ), Mətin Bədəlov (Qusar), Günel Qonağova (Quba), Mirəkrəm Bağırlı (Qaradağ rayonu) və Səlim İmranlı (Sumqayıt) səhnəyə çıxırlar.

Onlar mis səhənglərdəki suları səhnənin mərkəzindəki böyük siniyə boşaldırlar. Bu zaman uşaqların arxasında pirotexniki şəlalə çağlamağa başlayır.

Beləliklə, 2017-ci il aprelin 5-də Bakıda Xəzərdən başlayan su səyahəti Olimpiya Stadionunda başa çatır.

Xatırladaq ki, 40 gün əvvəl Xəzərdən götürülmüş su Oyunların ruhunu hamıya yaxın etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəmzi olaraq ölkənin bütün guşələrinə göndərilmişdi. Bu müddətdə səyahətçilər 3000 kilometrdən artıq məsafə qət edib, 16 məkandakı 5 göldən, 1 su anbarından, 3 çaydan, 1 bulaqdan, 3 şəlalədən və Xəzər dənizinin ayrı-ayrı sahillərindən su götürərək Bakıya qayıdıblar. Həmin sular bu axşam Bakı Olimpiya Stadionunda qovuşur.

 

22:27

Atletlərin paradı başlayır. Hər bir komanda stadiona öz ölkəsinin bayrağı altında əlifba sırası ilə daxil olur. İdmançıları əlində lövhə tutan kişi və mis qabda su daşıyan qadın müşayiət edir.

Tribunaların önündən ilk olaraq Əfqanıstan, Albaniya, Əlcəzair, Bəhreyn, Banqladeş, Benin, Bruney, Burkina-Faso, Kamerun, Çad, Komor Adalarının komandaları keçir.

 

22:34

Komandaların paradını Kot d’İvuar, Cibuti, Misir, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qayana, İndoneziya, İran idmançıları davam etdirirlər.

 

 

22:40

Stadiona İraq, İordaniya, Qazaxıstan, Qırğızıstan, Livan, Malayziya, Maldiv, Mali, Mavritaniya, Mərakeş komandaları daxil olur.

 

22:47

Mozambik, Niger, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Səudiyyə Ərəbistanı, Seneqal, Sierra-Leone idmançıları tribunalarının önündən keçirlər. Azərbaycanın yaxın dostu olan Pakistan IV İslam Həmrəyliyi Oyunlarına 125 idmançı ilə qatılıb. Səudiyyə Ərəbistanı da Oyunlarda ən böyük heyətlə iştirak edir. Bu ölkədən Bakıya 188 idmançı gəlib.

 

22:55

Növbə Somali, Surinam, Suriya, Tacikistan, Toqo, Tunis, Türkiyə, Türkmənistan, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan, Yəmən komandalarına çatır. Tamaşaçılar qardaş Türkiyə idmançılarını xüsusi coşqu ilə salamlayırlar. Türkiyə Oyunlara ən böyük nümayəndə heyəti - 337 idmançı ilə gəlib.

 

23:00

Nəhayət, stadiona Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısının sədaları altında ev sahibi - Azərbaycan komandası daxil olur. Ölkəmizi Oyunlarda 425 idmançı təmsil edir. Azərbaycan bayrağını beşqat dünya çempionu Rəfael Ağayev aparır. İdmançılarımızın tribunaların önündən keçidi Natiq Şirinov və digər 19 nağaraçının ifası ilə müşayiət olunur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan idmançılarını hərarətlə salamlayırlar.

Bununla da, idmançıların paradı başa çatır.

 

23:12

Stadiona İslam Həmrəyliyi İdman Federasiyasının bayrağının gətirilməsi mərasimi başlayır. Bayrağı stadiona Azərbaycanın Olimpiya, dünya çempionları və mükafatçıları gətirirlər. Onların arasında Sidney, Barselona, Pekin, Afina Olimpiya Oyunlarının çempionları - Namiq Abdullayev, Nazim Hüseynov, Elnur Məmmədli, Fərid Mansurov, Zemfira Meftahətdinova və başqaları var.

Hərbçilər İslam Həmrəyliyi İdman Federasiyasının bayrağını Azərbaycan bayrağının yanında qaldırırlar. Bayraqlar yan-yana dalğalanmağa başlayır.

İdmançılar və hakimlər adından Oyunların qərəzsiz, ədalətlə keçirilməsi üçün taekvandoçu, “Rio-2016” Olimpiya Oyunlarının qızıl mükafatçısı Radik İsayev və boks hakimi, “Afina-2004” Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı Fuad Aslanov and içirlər.

 

23:20

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış üçün səhnəyə dəvət olunur.

Oyunlara ev sahibliyi etməyin Azərbaycan üçün böyük şərəf olduğunu deyən Mehriban Əliyeva dörd qitədən gəlmiş minlərlə idmançını və paytaxtımızın qonaqlarını ingilis və Azərbaycan dillərində salamlayır. O, IV Oyunların keçirilməsini Bakıya həvalə etdiyinə görə İslam Həmrəyliyi İdman Federasiyasına minnətdarlıq edərək deyir: “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir. İdmana yatırdığımız böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi. Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur”. Ölkəmizin multikultural tarixinin açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsi olduğunu vurğulayan Mehriban Əliyeva qeyd edir ki, Azərbaycan İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərləri ilə bölüşməkdən fərəh duyur. Bu Oyunların qələbə qazanacaq atletlərinin təltif olunacağı medallardan tutmuş möhtəşəm açılış və bağlanış mərasimləri kimi yaradıcı elementləri zəngin mədəniyyətimizi ilhamlandıracaq.

“Mən gözəl gənc könüllülərimizin hamısını salamlayıram. Biz sizinlə fəxr edirik. Sizin fədakarlığınız və vurğunluğunuz, xeyirxahlığınız və qətiyyətiniz bu Oyunları mümkün etdi. Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm.

İslam aləminin idmançıları, sizi burada qonağımız kimi görmək olduqca sevindiricidir. Bütün Azərbaycan sizinlədir və sizə böyük uğurlar arzulayır. Bu, sizin Oyunlarınızdır. Gələn on gün ərzində ölkəmiz sizin eviniz olacaq. Bu axşam mən ölkəmizin bütün nailiyyətlərinə görə qarşınızda fərəh hissi ilə çıxış edirəm”, - deyən Birinci vitse-prezident Mehriban Əliyeva çıxışını bu sözlərlə tamamlayır: “Gücümüz həmrəylikdədir! - Bu ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək”.

23:25

Mikrofon önünə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin keçir. O, möhtəşəm tədbirin təşkilində göstərdikləri səylərinə görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə, Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevaya və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirərək, Oyunların İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə idmanın təşviqinə töhfə verəcəyinə, İslam aləmində gənclərə dəstək olacağına əminliyini ifadə edir.

Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” ilə üst-üstə düşdüyünü vurğulayan Yusif Əl-Osaymin qeyd edir ki, Azərbaycan bununla multikulturalizmin gücləndirilməsində, mədəniyyətlərarası dialoqun və sivilizasiyalararası ünsiyyətin möhkəmləndirilməsində, idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəal iştirakını nümayiş etdirir.

İslam Həmrəyliyi Oyunlarının dünyada ən böyük idman tədbirlərindən biri olduğunu diqqətə çatdıran baş katib deyir: “Bu Oyunlar müxtəlif mədəniyyətlərə malik fərqli ölkələrdən gəlmiş təxminən 4000 atleti bir araya gətirir. Bu, İslam həmrəyliyini əyani şəkildə nümayiş etdirir. Bu, İslamın əsl mahiyyətini, onun sülh və tolerantlıq dini olduğunu əks etdirir. Bu, mədəniyyətlərindən və fərqlərindən asılı olmayaraq, xalqlar arasında birlik, harmoniya, dostluq tellərini və dinc şəraitdə yanaşı yaşamaq tərzini gücləndirir”.

 

23:28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oyunları açıq elan edir.

Stadionu alqış səsləri bürüyür. Atəşfəşanlıq başlayır və gecə səmasında fişənglərin yazdığı “Bakı-2017” sözləri bərq vurur.

 

23:30

Əlində mis səhəng tutan qadın səhnəyə daxil olur. Sonra su daşıyan 56 qadın da ona qoşulur. Onlar bir yerdə İslam Həmrəyliyi İdman Federasiyasının 57 üzvünü təmsil edirlər.

Qadınlar suyu siniyə tökürlər və nəticədə gözəl fəvvarə alınır. İslam aləmi bununla rəmzi olaraq birləşir.

Bu səhnə mərasimin proqramında “Birlik” adı ilə təqdim olunur.

 

23:34

Stadionda “Harmoniya” adlanan növbəti süjet nümayiş etdirilir. Mina adlı bakılı qızcığaz babası ilə səhnəyə çıxır. Filarmoniya bağından görüntülər ekrana gəlir. Babası çərpələngin quyruğuna dördüncü zolağı bərkidərək onu tamamlayır. O, gözəl parkı dolanaraq ətrafdakı insanlara təbəssüm və nur bəxş edir. Sevinc hissi yaşayan bu qız bütün dünyada sülhün və harmoniyanın bərqərar olması barədə düşünür.

Baba nəvəsinə deyir: gələcəyimizə aparan yolu dəyişmək üçün əvvəlcə keçmişimizi qavramalıyıq. Beləliklə, o, çərpələngi bələdçi dostu kimi təqdim edərək, Minanı maraqlı bilik və tanışlıq səyahətinə dəvət edir.

Filarmoniya bağında 120 səhnə iştirakçısı, o cümlədən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 20 üzvü Minaya qoşulur.

Minanın babası rolunu Xalq Artisti Nurəddin Mehdixanlı canlandırır.

Eni 35 metr, uzunluğu 85 metr olan ekran 130 proyektor mütəxəssisi tərəfindən işıqlandırılır. Əsl reallığa yaxın animasiyalardan tutmuş maraqlı kinokadrlara qədər proyeksiyaların işıqlandırılması 12 aya başa gəlib.

Bu səhnələri Fərhad Bədəlbəylinin “Dəniz” əsərinin sədaları müşayiət edir.

 

23:38

Minanın hekayəti “Özünəməxsusluq” adlı hissə ilə davam edir. Qızcığaz öz çərpələngində Bakıdan uzaqlara uçur. Qobustanın qayaüstü rəsmlərini, Atəşgah məbədini və Yanardağda alovlanan əbədi odu seyr edən Mina əfsanəvi Simurq quşunu görmək üçün əfsanələr dünyasına qədəm qoyur və Simurq cücəsinin yumurtadan çıxmasına kömək edir.

Simurq lələyinin birini Minaya verir ki, qızcığaz dara düşəndə bu lələyi yandırsın və bir göz qırpımında yeni sehrli dostları köməyinə yetişsin.

Əllərində od olan 20 səhnə iştirakçısı iki su hovuzunda buta fiquru formasında alov cərgəsi yaradır.

Niyazinin “Rast” simfonik muğamı bu səhnəyə əlavə rəng qatır.

23:40

Xəzər üzərində Ay görünür, əfsanəvi muğam ustası Alim Qasımovun ecazkar səsi minarənin zirvəsindən ətrafa yayılır.

Bu, azan səsidır. Mina həmin sədanın təsiri ilə dini dəyərlərin və tolerantlığın möhtəşəm məkanı olan Heydər Məscidinə yollanır. Əllərində fənər tutan yüzlərlə mömin İslamın qüdrəti ilə buraya gəlir. Onların inanc odları kainatdakı ulduzlar kimi Minanın gözləri qarşısında parlayır və dövr edir.

Bu süjet “İnanc” adı daşıyır.

 

23:45

Stadiondakı ekranda gündəlik həyatın bir hissəsi olan ənənələrə sadiq, İslam dünyasının müxtəlif yaşlarda insanlarını əks etdirən film nümayiş olunur.

Filmdə suyun böyük paklıq qüvvəsindən bəhs edilir. İslamda su ibadətin vacib amilidir, cismi və ruhu paklığa aparan vasitədir. Biz hamımız fərqliyik, lakin adət-ənənələrimiz və biliklərimiz bizi bir-birimizə bağlayır, dərimizin rəngindən, inanclarımızdan asılı olmayaraq, su bizi birləşdirən universal vasitədir.

Açılış mərasimi üçün hazırlanmış filmin çəkilişləri Azərbaycan, Avstraliya və Filippində aparılıb.

“Paklıq” adlı bu süjet boyu Ceyn Antoniya Kornişin və Daniel Hesin ifasında “Written in the Stars” mahnısı səslənir.

 

23:49

Minanın yeni macərası başlayır. Qızcığaz keçmiş zamana yollanır və dünyanı gəzib dolaşaraq, cəsur səyyahlarla görüşür, yaraşıqlı günbəzlərə baxır, dahi şairləri görür, planetimizdən kənar kainatı seyr edir və ilk mexaniki cihazlarla tanış olur. Bütün bunlar coğrafiya, memarlıq, ədəbiyyat, astronomiya və ixtira kimi sahələrdə bəşəriyyətin əldə etdiyi möhtəşəm uğurları ilə yadda qalan İslamın Qızıl Dövrünün xəzinələri sırasındadır.

“Bilik” adlanan bölümdə 570 iştirakçı çıxış edir. Mərasimin bu hissəsinin canlandırılmasında 40-dan artıq heyvandan - at, dəvə və ulaqlardan istifadə olunur.

İslamın Qızıl Dövründən bəhs edən səhnələr zamanı Fikrət Əmirovun “Min bir gecə” baletindən musiqi səsləndirilir.

 

23:51

İslam dünyasının səyyahları Asiya, Şimali Afrika, Avropa və Orta Şərqin geniş coğrafiyasını əhatə edən ticari yollar şəbəkəsi ilə yayılan mədəniyyət və bilik axını məskəni olmuş izdihamlı karvansaralarda görüşürdülər. Minanın növbəti səyahəti məhz buradan başlayır.

“Karvansara” adlı bu səhnədə 70-dən çox iştirakçı, böyük tacir arabası, canlı at və dəvələr, habelə qartal və şahin fiqurları görürük.

Oyunlarda iştirak edən hər xalqın mədəni irsindən götürülmüş elementlər - personajlar, tematik əşyalar, rekvizitlər və geyimlər səhnəyə çıxarılır və ekranda göstərilir. Eyni zamanda, Azərbaycanın üç ənənəvi musiqi aləti - balaban, kamança və nağara nümayiş etdirilir. Üç yüzdən çox səhnə rekviziti zaman və məkan haqqında təsəvvür yaradır. Onların arasında xalçalar, parçalar, musiqi alətləri, miniatürlər, kitablar, çay, qəhvə, fənərlər, meyvələr, zinət əşyaları və s. var.

Mina ağ atın belində səhnəyə daxil olur. 16 at eyni ritmlə addımlayaraq dövr edən çarx yaradır. Sonra atlar paralel olaraq yan-yana keçirlər. Mina karvansaralarda tacir və səyyahlarla söhbət edir. O, Azərbaycan xalçalarının və musiqi alətlərinin qarşısında ayaq saxlayıb onlara baxır.

 

 

23:53

Çərpələngin üstündə oturaraq səmada uçan Minanın öyrənəcəyi hələ çox şey var. Növbəti ünvan kəşflər dünyasıdır.

İslamın Qızıl Dövründə insanlar səyahətə çıxmağı, bilik əldə etməyi sevərdilər. Dəniz səyyahları xəritələr tərtib etmiş, istiqaməti müəyyənləşdirən alətlər yaratmış və dünyanı daha yaxşı tanımaq, eləcə də güclü ticarət yolları qurmaq üçün vacib olan naviqasiya ustalarına çevrilmişdilər.

İslamın astronomiya elminə verdiyi ən böyük töhfələrindən biri armillyar sferanın təkmilləşdirilməsi oldu. Ondan vaxtı müəyyən etmək, Günəşin çıxmasını və batmasını əvvəlcədən bilmək, torpaqları tədqiq etmək və binaların hündürlüyünü hesablamaq üçün istifadə edilirdi.

 

23:55

İslam memarlığının günbəz və minarələrinin səmada həkk olunan cizgiləri olduqca fərqlidir. Bu axşam biz səhnədə iki minarənin əhatəsində hündürlüyü 9 metr olan böyük göy günbəz görürük. Kiçik ölçülü digər günbəzlər və tağlar incə kəsim naxışlardan ibarətdir və İslam memarlığında tez-tez rast gəlinən bir-biri ilə bağlı həndəsi elementləri nümayiş etdirir.

Mərasimin “Ədəbiyyat” bölümündə səhnəyə üç böyük kitab fiquru çıxarılır. IX-XIII əsrlərdə biliyin yayılması və inkişafında mühüm rol oynamış düşüncə və fikir mərkəzi olan Bağdaddakı “Hikmətlər Evi” barədə məlumatlar silsilə kitablarda qeyd olunur.

Səhnədə nümayiş etdirilən həmin kitablar İslam sivilizasiyasının dahi ədiblərinə hörmət əlamətinin ifadəsidir.

 

23:57

Səhnədə Günəş, Yer kürəsi, Ay və digər beş planetdən ibarət günəş sisteminin böyük modeli yaradılır. Azərbaycan Dövlət Rəqs Ansamblının 24 rəqqasəsi üzərində ulduz xəritələri təsvir edilmiş geyimlərdə səhnəyə çıxır. Səhnə üzərində hündürlüyü 8,5 metr olan Günəş doğur.

Qızıl Dövrdə hələ teleskop olmayanda Merkuri, Venera, Mars, Yupiter və Saturn adi gözlə görünürdü və astronomlar onlarla tanış idi.

Səhnəyə çıxarılan velosiped kvadrantdan xəbər verir. Kvadrant alimlər və elm adamları tərəfindən İslam mədəniyyətində ən çox istifadə olunan astronomik və naviqasiya alətlərindən biri idi.

İri çarxlar Ayın fazalarını nümayiş etdirir. İslam təqvimi Ayın dövr etməsinə əsaslanır.

Stadionun səhnəsində 90 çarx, o cümlədən velosiped çarxları görünür. Hündürlüyü 9 metr olan fil saatı nümayiş etdirilir. Bu çarxlar Qızıl Dövrün mexaniki ixtiralarına və turbin texnologiyasına işarədir. Həmin dövrdə məscid və rəsədxanalarda istifadə edilən olduqca dəqiq müxtəlif astronomik saatlar, o cümlədən, ilk mexaniki saat yaradılıb.

XI əsrə qədər bütün İslam dünyasında su dəyirmanları işləyirdi. Su turbinlərinin ixtirası bir çox sənaye əməliyyatlarının mexanikləşdirilməsinə imkan yaratdı.

Fil saatı səhnədə görünəndə bütün hərəkət bir anlıq dayanır. Uçan çərpələngində oturmuş Mina Ay mənasını daşıyan topu ilanın ağzına atır və fil saatı işə düşür. Bununla da “Bilik” mərasimi yekunlaşır.

 

00:01

Azərbaycan Dövlət Rəqs Ansamblının 24 rəqqasəsi Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin musiqisi altında xüsusi geyimlərdə çıxış edirlər. Birdən-birə qopan qum fırtınası səhnədəki hər şeyi süpürüb aparır.

Mina yolu azır və səyahəti zamanı ilk dəfə qorxmağa başlayır. Lakin Simurqun lələyi Minanın köməyinə gəlir və onun sehrli dostu ildırım sürəti ilə şığıyaraq, qızcığazın imdadına yetişir. Mina fırtınadan, buludlardan yuxarıya, təhlükəsiz səmaya qalxaraq ulduzlara çatır.

“Arzu” adlı bu süjetin mənası belədir: Biz bir-birimizə yardım etdikdə mümkün qədər kamilləşirik və bu yolla ulduzlu səmaya qalxa bilirik.

Simurqun qanadlarının uzunluğu 15 metr, çəkisi 750 kiloqramdır. Onun üzərində ulduz kimi parlayan 785 kiçik lampa yerləşdirilib.

 

 

00:03

Mədəniyyət və inanc, irs və biliklər Minanın qəlbini sevinc hissləri ilə doldurur - bütün bunlar bu macəra zamanı onun daimi yol-yoldaşı gözəl çərpələng sayəsində mümkün olur. Bu cütlük mehribancasına rəqs etdikcə, Mina babası haqqında düşünür və onun üçün darıxmağa başlayır, çünki evə qayıtmaq vaxtı artıq yetişir.

“Sevinc” adlı bu səhnə Üzeyir Hacıbəylinin “Aşıqsayağı” simfoniyasının sədaları ilə müşayiət olunur.

 

00:08

Mina çərpələngində Bakı üzərindən uçaraq, doğma şəhərinin yeni simasını seyr edir.

Oynadığı gözəl şəhər parklarından başqa, Mina bir çox digər tarixi və yeni möhtəşəm binalara baxır. Şəhərin mərkəzindəki möhtəşəm tarixi saraylar və qüllələr, eləcə də müasir mədəniyyət, idman və əyləncə məkanları göz önündən gəlib keçir. Onun gələcəyi buradır. Bura Minanın evi - ümid yeridir.

“Ümid” adlı bu səhnənin nümayişi zamanı Qara Qarayevin “Yeddi Gözəl” valsı səslənir.

 

00:12

Mina əllərində çərpələng tutan 700 səhnə iştirakçısının üzərindən uçur. Yüz minlərlə kiçik altıbucaq çərpələng auditoriyanın başı üzərində dalğalanır.

Azərbaycan bayrağının rənglərində - yaşıl, qırmızı və göy çalarlarda olan çərpələnglər 700 iştirakçının əllərində dalğalanır. 20 nəfər odla hərəkətlər edir. “Yanar çarx”da 10 səhnə iştirakçısı fırlanır.

Səhnədə quraşdırılmış iki nəhəng hovuzdan hündürlüyü 10 metr olan su fəvvarəsi yüksəlir. Yerdə və havada “yanar çarx” fişəngi alovlanır və fırlanır.

Tanış olduğu insanların bəxş etdiyi nurdan ilhamlanan Mina çərpələngin gözəl nümunəsini bütün dünyaya göstərmək istəyir. Beləliklə, hər kəs üçün kifayət qədər böyük ilhamlandırma nümunəsi yaranır.

Çəkisi 150 kiloqram olan kiçik altıbucaq çərpələng formasında “konfetti” Vasif Adıgözəlovun “4-cü piano konserti” musiqisinin sədaları altında auditoriya üzərinə səpələnir.

 

Möhtəşəm və bənzərsiz, dərin mənalı açılış mərasimi “Sülh” səhnəsi ilə başa çatır. Tamaşaçı bu hekayənin başladığı məkana - sakit Filarmoniya bağına qayıdır.

Mina ürəkdolusu sevinclə babası ilə görüşür. Yeni əldə etdiyi biliklərinə görə babasına təşəkkür edən qızcığaz öz bələdçi dostunu - çərpələngini yeni səyahətə yollayır ki, bütün dünyaya sülh və harmoniya yaysın. Çərpələng yerdən qalxaraq yenidən səmaya pərvazlanır.

Fərhad Bədəlbəylinin “Dəniz” əsərinin sədaları altında tamaşaçılar Mina və onun babası ilə vidalaşırlar.

Mərasim Bakı Olimpiya Stadionu və Dənizkənarı Bulvar üzərində möhtəşəm atəşfəşanlıqla bitir. Fikrət Əmirovun “Azərbaycan” kapriççiosu səsləndirildiyi zaman stadion üzərində səma əlvan rənglərə boyanır.

Rəngbərəng fişənglər Bakı bulvarı boyunca Xəzər sularını nura boyayır.

 

 

IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi. Bakı Olimpiya Stadionundan AZƏRTAC-ın onlayn reportajı  FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukrayna təmsilçisi yeni mövsüm üçün peşəkar klub lisenziyası əldə edə bilməyib

Tramp Putin və Zelenskinin görüşməsi ehtimalından məmnun olduğunu bildirib

Gürcü politoloq: İrimiqyaslı layihələr Azərbaycanın regional mərkəz kimi mövqeyini daha da gücləndirir

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin yubileyinə həsr olunmuş müsabiqənin qalibləri məlum olub

Vato Şakarişvili: Azərbaycan regionun potensialının maksimum şəkildə reallaşdırılması üçün ardıcıl siyasət aparır

Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Natiq Qasımova həsr olunmuş qısametrajlı filmdə 300 minə yaxın şəkil, 20 minə yaxın video generasiya olunub VİDEO

Rusiya Prezidenti: Ermənistanın hazırkı xarici siyasi kursunda qeyri-adi heç nə yoxdur

“Liverpul” yeni baş məşqçisini açıqlayıb

Putin: Rusiya və Ukrayna arasında mümkün razılaşmalar tarixi sənədlər ola bilər

Vaxo Çaraia: BTQ layihəsi çoxşaxəli faydalar verə biləcək strateji təşəbbüsdür

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Prezident Putin: Rusiya və Azərbaycan bir sıra konkret istiqamətlərdə, o cümlədən energetika sahəsində danışıqlar aparır VİDEO

Tural Məmmədov: Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətləri qurur

Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib VİDEO

Elvin Balacanov: Rəqəmsal dayanıqlılığın əsasını peşəkar kadrlar və əməkdaşlıq təşkil edir

Erdal Özkaya: Süni intellekt kibertəhdidlərin həyata keçirilməsi sürətini 29 saniyəyədək azaldıb

Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub

Aİ Livan Silahlı Qüvvələrinə 100 milyon avroluq yeni yardım paketini təsdiqləyib

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Vladimir Putin: Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı olub VİDEO

Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir

İctimai Birlik sədri: Eşitmə məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası artır

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Alim Qasımov: Eşitmə məhdudiyyətli uşaqların cəmiyyətin diqqət və dəstəyinə ehtiyacı var

Azərbaycanlı rejissor Mossovet Teatrının Beynəlxalq Rejissor Laboratoriyasının finalçısı olub

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Afrika ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurur

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Mütəxəssis: Bəzən saniyələrlə olan gecikmələr belə kritik rəqəmsal infrastrukturlar üçün ciddi təsirlər yarada bilər

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb

Ankarada “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində tədbirlər təşkil olunub

Ayxan Abbasov: Yoldaşlıq matçlarında həm yaxşı oyun, həm də yaxşı nəticə istəyirik

Laşa Amaşukeli: BTQ-nin modernləşdirilməsinin başa çatması Gürcüstan və Azərbaycan üçün mühüm mərhələdir

Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir

Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib

Bu saata olan əsas xəbərlər

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Eşitmə məhdudiyyətli şəxslərin II Mədəniyyət Festivalı inklüziv cəmiyyətin inkişafına töhfə verəcək

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bankların adından saxta kredit səhifələri yaradan şəxslər saxlanılıblar VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB VİDEO

Cengiz Akarçeşme: Azərbaycanda voleybol məşqçiləri üçün beynəlxalq seminar yüksək səviyyədə təşkil olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırdır VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Milli Parkın ərazisində narkotik plantasiyası aşkarlanıb VİDEO

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb

Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir

AQTA və DİN-in birgə əməliyyatı - 120 kiloqram yararsız ət aşkarlanıb

Estoniyalı mütəxəssis: Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var

İctimai Birlik rəhbəri: Eşitmə məhdudiyyətli insanlar üçün dövlət qurumları ilə birgə layihələr həyata keçirilir

AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir

Qarabağda arxeoloji tədqiqatların miqyası genişlənir: Şuşa və Xankəndidə kəşfiyyat işləri aparılır

ƏƏSMN ilə Dünya Bankının icra etdiyi birgə layihələrin əhəmiyyəti diqqətə çatdırılıb

Azərbaycanın Orta Güc statusu ilə bağlı araşdırma dərc olunub

Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək

Akademik İsa Həbibbəyli: Arxeologiyada müxtəlif elm sahələrinin əməkdaşlığı önəmlidir

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq

Millinin voleybolçusu: İsveçlə oyunun çətin keçəcəyini gözləyirik

Bakıda “Foniatriyada yeni üfüqlər” adlı beynəlxalq tədbir təşkil olunub

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısının bəstəkarı: Şeirdə ilahi sevgi ilə yanaşı, nostalji duyğular da əksini tapıb VİDEO

Azərbaycanın enerji və tranzit strategiyası Avrasiyanın iqtisadi inteqrasiyasını sürətləndirir - ŞƏRH

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Eyyub Yaqubov: “Kim dedi ki, səadətə inanma” mahnısı yaradıcılığımda özünəməxsus yer tutacaq VİDEO

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib

“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub VİDEO

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik

“Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I beynəlxalq elmi konfrans başa çatıb

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir

İsmayıllıda kənd təsərrüfatının inkişafı üçün yeni hədəflər müəyyənləşdirilir

AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

® “ABB Home” platformasına “Mygov ID” ilə daha sürətli giriş imkanı!

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

Bu gün artıq Zəngəzur dəhlizi regional layihə statusunu çoxdan geridə qoyub - ŞƏRH

Keşlə qəsəbəsində obyektdə baş verən yanğın söndürülüb

Bakı Texniki Kollecinə müəllim tələb olunur

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük

Coğrafiyaşünas-alim: Yaz yağıntıları dağlıq ərazilərdə sürüşmə riskini artırıb

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb

Qazaxıstanda 35 metrlik bayraq dirəyi olan Müstəqillik xiyabanı açılıb

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

“Milli kimliyin formalaşmasında mənəvi dəyərlərin rolu” mövzusunda görüş

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

İran xaricdə dondurulmuş aktivlərinin 50 faizinin dərhal qaytarılmasını tələb edir

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

Qanunvericiliyə dəyişikliklər məcburi köçkünlük dönəminin hüquqi baxımdan yekunlaşmasıdır - RƏY

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edir ŞƏRH

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalında klassik musiqi günü

Media: Tayvan gəmi əleyhinə raket arsenalını 1,8 minə çatdırmağı planlaşdırır

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan