CƏMİYYƏT
Tərtərin Şıxarx qəsəbəsində əl qumbarası aşkar edilib VİDEO
Bakı, 25 avqust, AZƏRTAC
Avqustun 25-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Şıxarx qəsəbəsində əl qumbarasının aşkarlanması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən ərazidə bir evə və həyətyanı sahəyə baxış keçirilib. Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmuş bir ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün təşkilatın mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin ətrafında 1500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.
Agentlik tərəfindən yanvarın 1-dən avqustun 25-dək, ümumilikdə, 6804 partlamamış hərbi sursat, tank əleyhinə 197 və piyada əleyhinə 31 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 704 min 317 kvadratmetr ərazi yoxlanılıb.