SİYASƏT
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyasında ilk iclası keçirilib VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitə sədri gündəlikdəki məsələlər barədə məlumat verib. Əvvəlcə, 2017-ci ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər barədə söhbət açılıb. Bildirilib ki, ötən müddət ərzində komitənin 4 iclası keçirilib, 3 məsələyə baxılıb. “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanun layihələri, “Uşaq hüquqları haqqında” Qanuna dəyişiklik edilməsi barədə sənəd müzakirə olunub.
Bundan başqa, komitənin təşkilatçılığı ilə Milli Məclisdə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” adlı tədbir keçirilib. Həmçinin komitə üzvləri Buxarestdə “Qadınlara və qızlara qarşı zorakılığa son qoyulması naminə qanunları işləmək” mövzusuna həsr olunmuş Mərkəzi və Şərqi Avropa Regional Konfransında iştirak ediblər.
Bu dövrdə komitənin ünvanına vətəndaşlardan daxil olmuş 125 məktub, ərizə və şikayətlə əlaqədar aidiyyəti qurumlara müraciət olunub, orada qeyd edilən məsələlərin həlli istiqamətində lazımi tədbirlər görülüb.
Diqqətə çatdırılıb ki, 2017-ci ilin payız sessiyasının iş planında “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsinin müzakirəsi, bir sıra qanunlara dəyişikliklər və əlavələrin edilməsi, ailə modelinin təkmilləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili və digər məsələlər nəzərdə tutulub.
Komitə sədri bildirib ki, gündəlikdəki növbəti məsələ İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlıdır. Dəyişikliklər “Reklam haqqında” 2015-ci il 15 may tarixli Qanunun müvafiq maddələrinin tələblərinin pozulmasına görə inzibati məsuliyyəti yaratmaq məqsədi ilə təklif edilir. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri müvafiq hüquq pozuntularına yol verdikdə xeyli miqdarda cərimələnməklə inzibati məsuliyyətə cəlb olunacaqlar.
Milli Məclis Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin mahiyyəti barədə iclas iştirakçılarına məlumat verib.
Komitə üzvləri təqdim olunan məsələlərə münasibət bildiriblər. Deputatlar cari ilin yaz və növbədənkənar sessiyalarının hesabatını məqbul hesab ediblər, payız sessiyasının iş planını təsdiqləyiblər. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olunub.
İclasda, həmçinin ailədaxili münasibətlərin tənzimlənməsi, nikah müqavilələrinin tətbiqi, uşaqların hüquqlarının müdafiəsi, onların sağlamlığının və fiziki inkişafının yaxşılaşdırılması, məktəblilərin asudə vaxtının səmərəli təşkili, qızların təhsildən yayınması hallarının qarşısının alınması məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.