AZƏRTAC-ın futbol komandası “Huawei Tərəfdaşlıq Kuboku-2017” turnirində növbəti oyununu keçirib VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Sentyabrın 30-da “Huawei Tərəfdaşlıq Kuboku-2017” uğrunda mini futbol turnirinin qrup mərhələsinin dördüncü turuna start verilib.
Turnirdə “A” qrupunda yer alan AZƏRTAC-ın komandası dördüncü turda “Azerconnect B” kollektivi ilə qarşılaşıb. “Şəfa” stadionunda oynanılan görüşdə rəqib komanda üstün olub - 3:4.
AZƏRTAC xəbər verir ki, jurnalistlərin heyətində Əfqan Poladlı, Hümbət Məmmədov və Fuad İsmayılov fərqləniblər.
Xatırladaq ki, AZƏRTAC-ın komandası əvvəlki turlarda “Faber”ə 9:3, “Aztelekom”a 10:3 hesabı ilə qalib gəlib, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin təmsilçiləri ilə 5:5 hesablı heç-heçə edib. Hazırda AZƏRTAC-ın komandası dörd oyundan 7 xal toplayaraq qrupda ikinci sırada qərarlaşıb. Jurnalistlər qrup mərhələsinin sonuncu - beşinci turunda “Ultra” kollektivi ilə görüşəcəklər.
Turnirin təşkilatçısı informasiya-kommunikasiya texnologiyaları sahəsində həllər təqdimində lider olan “Huawei” şirkətidir. “Huawei”, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi, AZƏRTAC, “Smartcom”, “Azerconnect A”, “Azercell”, “Norm”, “Ultra”, “Baktelekom”, “Azerconnect B”, “Faber” və “Aztelekom”u təmsil edən 12 komanda turnir çərçivəsində iki qrupda yarışır. Hər komandanın heyətinə 15 oyunçu və bir kapitan daxildir. Qruplarda ilk dörd sırada yer alan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.
Mini futbol turnirinə oktyabrın 28-də yekun vurulacaq.