REGİONLAR
10 il sonra oğlunun hərbi formasının muzeydə saxlanıldığını öyrəndi
Ağdam, 5 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Şəhriyar Məmmədov 2013-cü il aprelin 8-də Ağdam rayonu ərazisində şəhidlik zirvəsinə ucalıb. Həmin tarixdən 10 il keçəndən sonra Şəhriyarın anası Ceyran Məmmədova oğlu şəhid olduğu vaxt əynində olan hərbi geyimin Ağdam Döyüş Şöhrəti Muzeyində saxlanıldığını öyrənib. Şəhid anası ailə üzvləri ilə birlikdə Naxçıvandan gələrək Şəhriyarın və digər qəhrəmanlarımızın əşyalarının saxlanıldığı muzeyi ziyarət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonundan olan şəhid ailələrinin, müharibə veteranlarının da iştirak etdiyi tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər xalqımızın erməni işğalçılarına qarşı mübarizəsindən, şəhid Şəhriyar Məmmədovun şərəfli ömür və döyüş yolundan danışıblar. Bildirilib ki, Şəhriyar Məmmədov 1988-ci il dekabrın 28-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Hərbi Liseydə və 2010-cu ildə Ali Hərbi Məktəbdə təhsil alıb. Leytenant kimi cəbhənin Ağdam istiqamətində xidmətə başlayıb, düşmənlə üz-üzə Vətənin keşiyində dayanıb. 2013-cü il aprelin 8-də axşam saatlarında düşmən snayperindən atılan güllə nəticəsində şəhid olub. Şəhriyar Babək rayonunda dəfn edilib, hərbi forması isə Ağdamın Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinə təhvil verilib.
Şəhid anası Ceyran Məmmədova muzeyin kollektivinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində onlarla şəhidimizin əşyaları, geyimləri, şəkilləri qorunur. Buradakı hər bir eksponatın həm kədərli, həm də qürurlu tarixçəsi var. Şəhriyar Məmmədovun şəhid olduğu vaxt əynində olan, son damla qanı üstünə bulaşan o hərbi forma kimi...