Astanada “Atalar mirası” multimedia portalının təqdimatı olub VİDEO
Astana, 28 noyabr, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi “Atalar mirası” multimedia portalının təqdimatı olub.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali tədbirdə xatırladıb ki, 2015-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Astanada keçirilən 5-ci Sammitində dövlət başçıları türk dünyasının mənəvi və mədəni dəyərlərini bir araya gətirən ortaq layihəyə başlamaq barədə göstəriş vermişdilər. Atalarmirasi.org multimedia məlumat bazası da bu göstərişin nəticəsi olaraq həyata keçirilən böyük bir layihədir.
Qazax, rus, ingilis və türk dillərində hazırlanan portalda dünyadakı türkdilli xalqların və etnik icmaların qədim zamanlardan günümüzə qədərki adət-ənənələri, mənəvi dəyərləri barədə məlumatlar, elmi tədqiqatlar, tərcümə və fotolar toplanıb. Materiallar mövzulara uyğun olaraq, türk yazı tarixi, qədim türkcədə əsərlər, türk yazılı abidələri, şifahi və yazılı ədəbiyyat nümunələri, arxeoloji və etnoqrafik əsərlər, habelə qəzet və jurnallar da daxil olmaqla 9 bölmədə toplanıb.
Akademik elmi-tədqiqat portalı mütəmadi olaraq yenilənəcək və daha da zənginləşdiriləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana