Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Sumqayıtda vətəndaşları qəbul edib VİDEO
Sumqayıt, 14 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 14-də Sumqayıt şəhərində vətəndaşları qəbul edib. Qəbulda Sumqayıt şəhərinin, Abşeron, Xızı rayonlarının sakinləri, eləcə də bu şəhər və rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşadan olan məcburi köçkünlər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl Məleykə Abbaszadə və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərin Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub.
Mərkəzin konfrans zalında keçirilən görüşdə DİM Direktorlar Şurasının sədrinə, əsasən, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün aparılan elektron ixtisas seçimi, ixtisas seçimi zaman diqqət yetirilməli olan məsələlər, dövlət qulluğuna qəbul və s. işlərlə əlaqədar müraciət edilib. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll olunub. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı, görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən diqqətlə dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.