REGİONLAR
Azərbaycanlı alimlərin yeni elmi nəticəsi ilə alternativ enerjinin əldə olunması daha da asanlaşacaq VİDEO
Gəncə, 14 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Dövlət Universitetinin kimyəvi materialşünaslıq laboratoriyasında bir qrup kimyaçı alim tərəfindən aparılmış elmi tədqiqatlarda mühüm nəticə əldə olunub. Elm üçün böyük uğur sayılan yeni nəticəni, yəni funksional materialları nanotexnologiyada, elektrotexnikanın müxtəlif sahələrində, günəş batareyalarının istehsalında, eləcə də alternativ enerji mənbələrinin alınmasında geniş tətbiq etmək mümkündür.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə universitetin mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən məlumat verilib.
Bildirilib ki, universitetin kimyəvi materialşünaslıq elmi tədqiqat laboratoriyasında ilk dəfə 2012-ci ildən bir qrup kimyaçı alim tərəfindən tədqiqat işlərinə başlanılıb. İlk vaxtlar aparılmış tədqiqatlar zamanı müəyyən göstəricilər qeydə alınsa da, laboratoriyada zəruri cihaz və avadanlıqlar olmadığından son elmi nəticəni almaq mümkün olmayıb.
Gəncə Dövlət Universitetində aparılan kimyəvi araşdırmaları daha da dərinləşdirmək və mühüm elmi nəticəni əldə etmək üçün kimyəvi materialşünaslıq elmi tədqiqat laboratoriyasının fəaliyyəti 2016-cı ildə yenidən təşkil edilib. Laboratoriya termoskan cihazı, vakuum qurğusu, mufel sobaları, müasir elektron analitik tərəzilər, eləcə də digər qurğu və avadanlıqlarla təchiz edilib. Elmi tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi üçün Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun rəhbərliyi ilə ali təhsil ocağının alimləri -İsfəndiyar Alverdiyev, Zəhra Əliyeva, Vüsalə Qəhrəmanova və kimya kafedrasının əməkdaşları laboratoriyada aparılan elmi tədqiqat işlərinə cəlb olunublar. Həmçinin AMEA-nın Qeyri-üzvi Kimya və Katoliz İnstitutunun direktor müavini Məhəmməd Babanlı, laboratoriya müdiri İmir Əliyev və digər alimlər elmi tədqiqat işlərində yaxından iştirak ediblər.
Beləliklə, kimyəvi materialşünaslıq elmi-tədqiqat laboratoriyasında müxtəlif təyinatlı yeni qeyri-üzvi funksional materialların alınması sahəsində sistemli tədqiqatlar aparılıb.
Elmi tədqiqat işləri haqqında danışan dosent İsfəndiyar Alverdiyev deyib ki, həmin materiallar sırasında superion keçiricilər xüsusi yer tutub. “Bərk maddənin bu qeyri-adi halı onunla səciyyələnir ki, atomlardan biri mayelərdə olduğu kimi yüksək mütəhərrikliyə malikdir, digərləri isə kristal qəfəsdə öz müntəzəm vəziyyətini saxlayır. Məhz superion keçiricilərin bu ikili təbiəti onların yüksək texnologiyalarda tətbiqi üçün geniş imkanlar yaradır”, - deyə o bildirib.
İsfəndiyar Alverdiyev qeyd edib ki, alınmış mühüm nəticələr həm rentgenoqrafik tədqiqatlarda təsdiqini tapıb, həm də “Tomson Reuters” sisteminə daxil olan 15-ə yaxın nüfuzlu beynəlxalq jurnalda çap olunub.