ELM VƏ TƏHSİL
TEDxUNEC konfransı: “Çərçivədən kənar” VİDEO
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Azərbaycan İqtisad Universitetində növbəti TEDxUNEC konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Çərçivədən kənar” mövzusuna həsr olunan konfransda ölkəmizin təhsil, tibb və mədəniyyət sahələrinin tanınmış nümayəndələri iştirak ediblər.
Konfransda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı “Təhsilin gələcəyi – gələcəyin təhsili” mövzusunda çıxış edib. Kitabla informasiya daşıyıcılarının rəqabətindən danışan H.İsaxanlı informasiya kommunikasiya texnologiyalarından, eləcə də ali təhsil müəssisələrindən bəhs edib. Professor bildirib ki, bəşəriyyətin gələcəyi elmdədir.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayev “Kitablar və açıq düşüncə” mövzusunda fikirlərini bölüşüb. Ç.Abdullayev bütün dövrlərin tələblərinə cavab verməyin yeganə yolunu yalnız kitabda, elmdə və bilikdə gördüyünü deyib.
Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayevin “Kardiocərrahın ürəyindən keçənlər” mövzusunda çıxışı maraqla qarşılanıb.
Qeyd edək ki, dünyanın tanınmış alim və ictimai xadimlərini, biznes nümayəndələrini və digər peşə sahiblərini 33 ildən artıq müddətdə bir platformada toplayan TED (Technology, Entertainment, Design) intellektual konfransının məqsədi unikal ideyaları paylaşmaqdır. UNEC konfransın təşkili üçün TED təşkilatından rəsmi lisenziya alıb.