ELM VƏ TƏHSİL
Con Smit Etimad Fondunun təqaüdü əsasında təhsil almış azərbaycanlı məzunlar üçün qəbul təşkil edilib VİDEO
Bakı, 16 dekabr, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Con Smit Etimad Fondunun təqaüdü əsasında təhsil almış azərbaycanlı məzunlar üçün qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, qəbulda çıxış edən səfir Kerol Krofts bu proqram üzrə təhsil almaq tələbələr üçün böyük imkanlar açır, onlar Britaniyada biliklərə yiyələnir və bu bilikləri gələcək karyeralarında tətbiq etmək imkanı əldə edirlər. Səfir deyib ki, bu qədər azərbaycanlı tələbənin proqramda iştirakı sevindiricidir.
ADA Universitetinin prorektoru, proqramın məzunu Fariz İsmayılzadə səfirliyin keçirdiyi bu qəbulun proqram iştirakçılarının bir-biri ilə ünsiyyət qurmaları üçün imkan yaratdığını qeyd edib. O, 2007-ci ildə qatıldığı Con Smit Proqramının əhəmiyyətindən danışıb, onun əlaqələrin inkişafına təkan verdiyini bildirib.
Tədbirdə Böyük Britaniyadan Azərbaycana velosipedlə gəlmiş britaniyalı xanımlar Kleir Qover və Davn Loqan da iştirak ediblər. Kleir Qover və Davn Loqan məqsədlərinin velosipedlə dünya turuna çıxaraq yardım toplamaqla Qanada imkansız uşaqlar üçün məktəb açmaq olduğunu bildiriblər. Azərbaycanda olduqları 10 gün ərzində Ağstafaya, Gəncəyə də səyahət etdiklərini söyləyən xanımlar xalqımızın çox qonaqpərvər olduğunu vurğulayıblar. Azərbaycanı çox sevdiklərini deyən Kleir Qover və Davn Loqan Bakının çox gözəl şəhər olduğunu, paytaxtımızın Avropa ilə Asiya arasında körpü olduğunu, Şərq və Qərb ornamentlərini özündə əks etdirdiyini diqqətə çatdırıblar.