Qusar Dövlət Ləzgi Dram Teatrının tamaşaçılarına Milli Teatr Günü hədiyyəsi VİDEO
Qusar, 9 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 9-da Qusar Dövlət Ləzgi Dram Teatrı Milli Teatr Günü münasibətilə tamaşaçılarına xüsusi proqram təqdim edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində kollektiv “Leyli və Məcnun”, “Şəbu Hicran”, “Molla Nəsrəddinin lətifələri” və başqa sevilən səhnə əsərlərindən parçalar nümayiş etdirib. Kompozisiyada müxtəlif tamaşalardan hissələrlə yanaşı, milli rəqslər, həmçinin Azərbaycan və ləzgi dillərində mahnı və şeirlər yer alıb.
Tamaşaçılar Qusar Mədəniyyət Sarayında multikulturalizmi təbliğ edən folklor nümunələri və yerli əhalinin tarixi yaşam tərzini, xalq yaradıcılığını, folklorunu, sənətkarlığını əks etdirən sərgini izləmək imkanı da qazanıblar.
Tamaşadan əvvəl Qusar Dövlət Ləzgi Dram Teatrının bədii rəhbəri Faiq Qardaşov ölkəmizdə teatrın inkişaf tarixindən danışıb. Bildirib ki, yaranmasının 145-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında” 2013-cü il 1 mart tarixli Sərəncamına əsasən, hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur.
Milli teatrımızın yubiley tədbirində Qusar Dövlət Ləzgi Dram Teatrının fəaliyyətindən də söz açılıb. Diqqətə çatdırılıb ki, bölgə teatrı 26 əvvəl yaradılıb və regionda teatr sənətinin inkişafına öz töhfələrini verir. Son illərdə maddi-texniki bazasının möhkəmləndirilməsi sayəsində kollektiv respublika miqyaslı müsabiqələrdə nailiyyət qazınıb, klassik və müasir dramaturqlarımızın əsərlərini bölgə tamaşaçılarına özünəməxsus tərzdə təqdim edir. Bədii tərtibatı, məzmunu, rejissor işi, aktyor oyununun təkmilləşdirilməsi nəticəsində tamaşaçıların teatra olan marağı daha da artıb. Teatr fəaliyyətdə olduğu bu 26 ildə 100-dən çox səhnə əsərini tamaşaçılara təqdim edib.
Bayram tədbirində təqdim olunan kompozisiya tamaşaçıların alqışları ilə qarşılanıb.