Şabranda Novruz bayramına həsr olunan ənənəvi at yarışlarının qalibləri mükafatlandırılıb VİDEO
Şabran, 16 mart, Elxan Yusifli, AZƏRTAC
Martın 16-da Şabranda Novruz bayramı münasibətilə təşkil olunan ənənəvi at yarışlarının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışın final mərhələsi rayonunun Rəhimli kəndində keçirilib. Bu mərhələdə birincilik uğrunda 21 çapar mübarizə aparıb. Finalçılar 68 kəndi və Şabran şəhərini təmsil edən iştirakçılar arasından seçilib.
Bayram tonqalı alovlandırıldıqdan sonra ötən il keçirilən yarışın qalibi Anar Məstanov dövlət himninin sədaları altında Azərbaycan bayrağını yüksəkliyə qaldırıb.
Tədbirdə çıxış edənlər xalqımızın qəhrəmanlıq simvolu olan qədim adət-ənənələrimizdən və bu kimi turnirlərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Şabranda artıq 11-ci ildir Novruz bayramı ərəfəsində at yarışları təşkil edilir.
Altı mərhələdən ibarət yarışda Söhbətli kəndini təmsil edən Zaman Yarışov “Tolqa” ləqəbli atı ilə qalib gəlib. Rəhimli kəndindən olan Zaur Kazımovun çapdığı at ikinci, Uzunboyad kənd sakini Məmmədağa Eynalovun atı isə yarışı üçüncü pillədə başa vurub. Bütün iştirakçılara həvəsləndirici mükafatlar, finişə birinci çatan Zaman Yarışova isə yarışın kuboku təqdim olunub.
Mərasimdə qədim ənənələrimizi, Novruz adətlərini tərənnüm edən kompozisiyalar, milli mətbəximizin nümunələri, həmçinin yerli incəsənət nümayəndələrinin ifasında konsert proqramı nümayiş etdirilib.
At yarışlarının final mərhələsini şabranlılarla birgə ətraf rayonlardan və paytaxtdan gələn qonaqlar da izləyib.