114 saylı Şəki şəhər seçki dairəsində 4261 gənc ilk dəfə səs verəcək
Şəki, 22 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq çərçivəsində 114 saylı Şəki şəhər seçki dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər başa çatıb. Yanvarın 17-də başlanan treninqlərə seçki dairəsi üzrə 44 seçki məntəqəsinin 264 nəfər komissiya üzvü cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 114 saylı Şəki şəhər seçki dairəsində seminar-treninqlərin sonuncu günü - yanvarın 22-də keçirilən məşğələlərdə 10 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri iştirak ediblər. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kursunda iştirak etmiş Tehran Əzizov və Elnur Mustafayev aparıblar. Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib.
Dairə seçki komissiyasının sədri Kamran Rəsulovun verdiyi məlumata görə, dəqiqləşdirilmiş son seçici siyahılarına əsasən, seçicilərin ümumi sayı 53 min 286 nəfərdir. Onlardan 957 nəfəri 80-100 yaş arasındadır. 4261 gənc isə bu seçkilərdə ilk dəfə səs verəcək.