CƏMİYYƏT
Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Bakıdakı Məşədi Dadaş məscidində yad edilib VİDEO
Bakı, 20 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Bakıdakı Məşədi Dadaş məscidində də dərin hüznlə yad edilib. Faciənin 29-cu ildönümü ilə əlaqədar keçirilən tədbirdə yüzlərlə insan iştirak edərək şəhidlərin xatirəsini anıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən məscidin imamı hacı Şahin Həsənli 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızın mübarizliyindən danışıb. O bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizənin şanlı səhifəsidir. Hər kəsin bu cür tədbirlərdə iştirak etməsi bir vətəndaşlıq borcudur. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Böyük itkilərlə, günahsız insanların qətlə yetirilməsi ilə nəticələnən bu faciə xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirib. Müstəqil Azərbaycan durduqca 20 Yanvar faciəsi qurbanlarının xatirəsi də daim qəlblərdə yaşayacaq.