REGİONLAR
Lənkəran arıçıları bu il hər pətəkdən 20-25 kiloqram məhsul gözləyirlər VİDEO
Lənkəran, 17 aprel, İsmayıl Cəfərli, AZƏRTAC
Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət tərəfindən subsidiya verilməsi bu sahəyə marağı daha da artırıb. Əlverişli iqliminə görə arıçılığın inkişaf etdiyi rayonlardan biri də Lənkərandır. Lənkəran arıçıları bu il bol məhsul götürəcəklərinə ümid edirlər. Havaların mülayim keçməsi, aparılan qulluq bunu deməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, Lənkəranda arıçılıq təsərrüfatlarında işin qızğın dövrü başlayıb. Pətəklərə baxış keçirilir, çərçivələr dəyişdirilir. Yaza demək olar ki, itkisiz çıxdıqlarını söyləyən arıçılar bu il ötən ildəkindən çox – hər pətəkdən 20-25 kiloqram məhsul götürə biləcəklərini bildirirlər.
Uzun illərdir arıçılıqla məşğul olan Ruslan Hüseynov bu il məhsuldarlığın yüksək olacağını deyir: “Hazırda 70 arı ailəm var. Bunlardan 68-i qışdan tam çıxıb. Bu il arılarımız yaxşı işləyib. Ötən il hər pətəkdən 15 kiloqram bal götürmüşdüm, bu il isə 25 kiloqram götürə bilərik”.
Qışın mülayim keçməsi, yaz aylarında yağışların kifayət qədər düşməsi bitkilərin inkişafına, dolayısı ilə arıçılıq təsərrüfatlarına müsbət təsir göstərib. Dövlət qayğısının artırılması, hər arı ailəsinə subsidiyaların verilməsi də arıçıları həvəsləndirib. Arıçı Hüseynağa Məhərrəmov deyib: “Bu il 450 manatadək subsidiya almışam. Hazırda 45 arı ailəm var. Gələcəkdə onların sayını artıracağam”.
Arıçılar bildirirlər ki, müəyyən vaxt keçdikdən sonra arı ailəsində müxtəlif yaşda sürfələr əmələ gəlir, yəni ailə yenilənir. Hazırda arılar ailənin qüvvətləndirilməsi ilə məşğuldur. Təxminən 10-15 gündən sonra pətəklər beçə verəcək. Lənkəranda mövsümün ilk balının süzümünə iyunun əvvəllərində başlanacaq.
Rayonda 400-ə yaxın arıçı var və təsərrüfatlarda 8 minə yaxın arı ailəsi bəslənilir.