MƏDƏNİYYƏT
İçərişəhər DTMQİ: Sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan fotogörüntülər həqiqətə tamamilə ziddir VİDEO
Bakı, 25 aprel, AZƏRTAC
Dünən sosial şəbəkələrdə İçərişəhərlə bağlı paylaşılan fotogörüntülər həqiqətlə tamamilə ziddiyyət təşkil edən qərəzli addımların bir nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) açıqlamasında yer alıb.
Açıqlamada deyilir: “İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür. Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilib. Məsələnin kökündə isə əslində sovet dövründə - 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnmişdir.
“İçərişəhər” DTMQİ fotoşəkillə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görüb. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.