İDMAN
Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının təntənəli açılış mərasimi olub VİDEO








Bakı, 13 may, AZƏRTAC
Mayın 13-də Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri turnirinin təntənəli açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) himni səsləndirilib.
Mərasimdə çıxış edən AMPK-nın prezidenti İlqar Rəhimov turnirin “Ruhun zəfəri” devizi altında təşkil olunduğunu deyib. Bildirib ki, bu deviz təsadüfi seçilməyib. Bu ifadə özündə sevgi, dostluq və bərabərliyi təcəssüm etdirir. Qran-Priyə hazırlıq çərçivəsində əlil insanlar da təşkilati işlərə cəlb olunublar. “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə dəfələrlə irimiqyaslı idman yarışları yüksək səviyyədə təşkil olunub. Belə ki, 2015-ci ildə ilk Avropa Oyunlarından iki il sonra təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında paralimpiyaçıların da yarışları keçirilib. Bu, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda Paralimpiya hərəkatının inkişafına göstərdiyi diqqətin nümunəsidir”, - deyə AMPK-nın prezidenti əlavə edib.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və cüdoçularımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışıb. Turnirin əhəmiyyətini yüksək qiymətləndirən M.Vizer paracüdoçulara uğurlar arzulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanın çox zəngin cüdo tarixinin olduğunu vurğulayıb. Nazir deyib ki, idmanın bu növü üzrə bir çox qəhrəmanımız var. Eyni sözləri paracüdoya da şamil etmək olar. Bu yarışda onların uğuru əhəmiyyətlidir. İdmançılarımızı “Tokio 2020” Olimpiya və Paralimpiya oyunlarında görmək istəyirik.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov cüdo üzrə beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə verdiyi dəstəyə görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti M.Vizerə təşəkkür edib. Nazir müavini ölkəmizdə idmanın inkişafı üçün dövlət tərəfindən mühüm addımların atıldığını diqqətə çatdırıb və paralimpiyaçılarımızın əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirib.
Cüdonun inkişafına göstərdiyi xidmətlərə görə, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vider Paralimpiya Ordeni ilə təltif olunub. Mükafatı AMPK-nın prezidenti İ.Rəhimov təqdim edib.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti də AMPK-nın rəsmisini xüsusi plaketlə mükafatlandırıb.
Rəsmi hissəyə Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə yekun vurulub.
Azərbaycan paralimpiyaçılarından bəhs edən videoçarxın nümayişindən sonra mərasim xüsusi şou ilə davam edib.
Qeyd edək ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Yarışa mayın 14-də yekun vurulacaq. Qran-Pri "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.