REGİONLAR
Həvəskar rəssam: Arzular ölsə də, sənət ölmür, hətta uzaq kənddə olsa belə... FOTO VİDEO
Salyan, 17 oktyabr, İsmayıl Cəfərli, AZƏRTAC
Haqqında söhbət açacağımız salyanlı rəssam Qarabağ uğrunda döyüşlərin iştirakçısı olub. İndi də əsərlərinin çoxunu müharibə mövzuları və qəhrəmanlar təşkil edir. Yaşadığı həyətdə yerə düzülən büstləri görəndə bu istedadlı insanı ölkədə yəqin ki, çoxlarının tanıdığını düşündük. Rəssamla söhbət zamanı isə aydın oldu ki, o, nəinki ölkədə, hətta yaşadığı rayonda belə çox az tanınır.
AZƏRTAC xəbər verir ki, söhbət Salyanın İkinci Varlı kəndində yaşayan Qarabağ müharibəsi qazisi Əliyusif Pənahovdan gedir. O, ilk əl işini beşinci sinifdə oxuyarkən yaradıb. 19 yaşında cəbhəyə yollanan Əliyusif Qarabağ uğrunda döyüşlərdə ön cəbhədə olub. Bir əlində silah, o biri əlində fırça olan gənci döyüşçülər öz aralarında “Mixaylo” deyə çağırırmış. Mülki həyatda da yaratdığı əsərlərdə müharibə mövzusu aktualdır. Rəssam deyir ki, bu rəsmlər təxəyyülün məhsulu yox, yaşadıqlarıdır: “Çalışdım ki, rəssamlıq məktəbinə qəbul olum, ancaq müharibə başladığına görə cəbhəyə yollandım. Erməni işğalçılarına qarşı beş ilə yaxın döyüşdüm. Tərxis olunandan sonra çalışdım ki, gördüyüm səhnələri canlandırım. Bax, bu gördüyünüz rəsmlər Milli qəhrəmanlarımızın rəsmləridir. İstəyirəm ki, bu qəhrəmanları gənclərimiz də tanısın”.
Azərbaycanın Milli qəhrəmanları Çingiz Mustafayev, Əliyar Əliyev, Albert Aqarunov və digərlərinin rəsm əsərlərini böyük sevgi ilə işləyib. Müharibə onun ali təhsilli rəssam olmaq arzusunu ürəyində qoysa da, bu işdən əl çəkməyib. Hətta bir neçə müsabiqəyə qatılaraq yer də qazanıb.
Onun işlədiyi otaqda görünən tabloların əksəriyyəti yalnız son bir neçə ayda çəkdikləridir. 46 yaşında olmasına baxmayaraq, Əliyusif Pənahov vaxt tapdıqca evindəki otaqların birində eskizlər çəkir, sonra yağlı boya ilə kətan üzərinə köçürür. Ali təhsilli rəssam olmaq istəyini reallaşdıra bilməyən 46 yaşlı sənətkarı indi bir arzu yaşadır. Şəxsi emalatxanasının olması və fərdi rəsm sərgisinin keçirilməsi: “Ucqar bir kənddir. Yəni kim nə bilir ki, burada belə iş görürəm, belə rəsmlər var. İstərdim ki, müvafiq orqanlar mənə kiçik də olsa, bir emalatxana versinlər. Bu rəsmlərim evdə itib, batmasın”.
Onun həyata keçməyən arzusunu qızı Yaqut reallaşdırıb. Yaqut Pənahova bu il Rəssamlıq Akademiyasına qəbul olmaqla, atasının arzularını gerçəkləşdirib.
Tikintidə usta kimi çalışıb ailəsini dolandıran rəssam bəzən özü də rənglərin içində bütün çətinliklərini unutduğunu deyir. Bir də deyir ki, arzular ölsə də, sənət ölmür. Hətta o sənət uzaq kənddə olsa belə...