REGİONLAR
Cəlilabadda yeni maddi-mədəniyyət nümunələri aşkar edilib VİDEO
Cəlilabad, 25 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabadda şum işləri aparılarkən torpağın altından qədim dövrə aid yeni maddi-mədəniyyət nümunələri üzə çıxıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aşkar edilmiş maddi-mədəniyyət nümunələri Cəlilabad rayonunun Edişə kənd sakini İlham Əliyevə məxsus həyətyanı sahəsinin şümlanması zamanı tapılıb.
Kənd sakininin sözlərinə görə, əvvəllər də bu ərazidə qədim dövrə aid müxtəlif əşyalar aşkar edilib. Lakin, bu dəfə ərazidə məişət əşyaları ilə yanaşı, tuncdan hazırlanmış müxtəlif nizə ucluqları, xəncər və qılıncın tapılması buranın daimi yaşayış məskəni olmasından xəbər verir.
Yeni tapıntılar arasında həmçinin, saxsıdan hazırlanmış kiçik diametrli boru qalıqları da var. Tarixçilərin fikrincə yeni tapılmış maddi-mədəniyyət nümunələri ərazidə uzun müddət fasiləsiz həyatın mövcud olduğunu göstərir.
Qeyd edək ki, bu tip tarixi tapıntılara Eçara kəndinin də müxtəlif ərazilərində rast gəlinir. Ancaq, bu tarixi məkanlar indiyə kimi mütəxəssislər tərəfindən tədqiq olunmayıb.