REGİONLAR
Sel sularının gətirdiyi ağac kökləri abstrakt heykəllərə çevrilir - Qubadan reportaj VİDEO













Quba, 6 fevral, Elxan Yusifli, AZƏRTAC
Etibar Qəhrəmanov çaylarda sel sularının gətirdiyi ağac köklərindən abstrakt janrında heykəllər hazırlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tullantı ağac parçalarına ikinci həyat bəxş edən 36 yaşlı sənətkar Quba rayonunun Birinci Nügədi kəndində yaşayır.
Etibar Qəhrəmanov uşaq yaşlarından rəssamlığa böyük maraq göstərsə də, bu sahədə təhsil almayıb. Bir müddət heykəltəraşlıqla da məşğul olan sənətkar son iki ildə abstrakt janrda əl işləri hazırlamağa başlayıb.
E.Qəhrəmanov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, hazırladığı əl işləri üçün xam materialı Quba rayonu ərazisindən keçən çayları gəzərək əldə edir. Bəzən çay boyu ağac kökləri axtara-axtara kilometrlərlə məsafə qət edir, Xəzər dənizinin sahilinədək gedib çıxır.
“Çaydan qurumuş ağac köklərini toplayanda rastlaşdığım insanlar məqsədimi soruşurlar. Ağacdan at və müxtəlif başqa heykəllər hazırlayacağımı deyəndə təəccüblənirlər. Uzun-uzadı izah etməli oluram. Buna görə də bəzən soruşanlara sadəcə yandırmaq üçün odun yığdığımı söyləyirəm. Topladığım ağac parçalarını yük avtomobilimlə emalatxanama gətirir, sonra istədiyim heykəli hazırlamağa başlayıram”, - deyə E.Qəhrəmanov söyləyir.
Etibar əl işlərini kənddəki emalatxanasında hazırlayır. Bir aydır üzərində işlədiyi iki metr hündürlüyündəki at heykəli artıq son tamamlanma mərhələsindədir. Əvvəlcə abstrakt janrda heykəlin modelini təsəvvüründə canlandıraraq ona uyğun ağac parçalarını bir-birinə calayır. Bunun üçün vintlərdən və ağac yapışqanından istifadə edir. Son mərhələdə ağac kökləri cilalanaraq rənglənir.
“Abstrakt janrda ağac heykəllərini Bakı şəhərində satış mərkəzlərində görmüşdüm. Xaricidən gətirilən bu heykəllər olduqca yüksək qiymətə satılır. Fikirləşdim ki, eynisini özüm də hazırlaya bilərəm. Bundan sonra çaylardan ağac köklərini yığıb ilk əl işlərimi hazırladım. Ondan əvvəl nisbətən kiçik ölçülü iki at heykəli hazırlamışdım. Həmin heykəllər 1500 manata satıldı. Ağac parçalarından at heykəlləri ilə yanaşı, yırtıcı balıqlar və müxtəlif çılçıraqlar da hazırlayıram”, - deyə qubalı sənətkar vurğulayır.
Etibar Qəhrəmanov əl işlərini gəlir əldə etmək üçün satdığına görə təəssüflənir. O, böyük vaxt və diqqət sərf etdiyi heykəllərinin “Tullantıdan sənətə”, həmçinin başqa beynəlxalq və yerli sərgilərdə nümayiş olunmasını arzulayır.
Onun sözlərinə görə, bu işlə məşğul olanda ruhən dincəlir: “Material axtaranda təbiəti, çayları gəzirəm. İşləyəndə də zövq alıram. Elə bil ağac parçaları ilə söhbət edirəm, onları canlandırıram. Turistlər də əl işlərimlə maraqlanırlar. Onu da deyim ki, Qubaya gələnlərin yaddaşında iz buraxacaq gözəl bir layihə üzərində işləyirəm”.
Usta əsas gəlirini landşaft dizayn xidmətindən əldə edir. Qubalı sənətkar sifariş əsasında parklarda, mehmanxanalarda, istirahət mərkəzlərində və fərdi evlərdə fantaziyasına uyğun süni quraşdırma işləri həyata keçirir. Bura kiçik arxitektura formalı şəlalələr, bağ heykəlləri, söhbətgahlar və sair daxildir.