Seçici Tura Səttarova: Hamını öz səsvermə hüququndan istifadə etməyə çağırıram VİDEO
Bakı, 9 fevral, Xanım Nağıyeva, AZƏRTAC
Fevralın 9-da Azərbaycanda Milli Məclisə keçirilən seçkilər davam edir.
10 saylı Binəqədi üçüncü seçki dairəsinin 31 saylı məntəqə seçki komissiyasının sədri Ziyad Nəbiyev AZƏRTAC-a bildirib ki, günorta saatlarınadək məntəqədə seçici fəallığı müşahidə olunub. O deyib: “Seçki məntəqəsi üzrə 1270 seçici qeydiyyatdadır. Hazırda səsvermə prosesi uğurla davam edir. Seçicilərin öz namizədlərini sərbəst şəkildə seçmələri üçün məntəqədə bütün şərait yaradılıb”.
Məntəqədə seçki prosesini izləyən yerli müşahidəçi Cəmilə Fətəliyeva bildirib ki, indiyədək heç bir qayda pozuntusu aşkar olunmayıb.
Seçici Tura Səttarova məntəqədə onlar üçün yaradılan şəraiti yüksək qiymətləndirərək deyib: “Yaşımın çox olmağına baxmayaraq, məntəqəyə gəlib layiqli namizədimə səs verməyi özümə borc bildim. Hamını öz səsvermə hüququndan istifadə etməyə çağırıram. Əsas odur ki, seçilən deputatlar millətimiz üçün xeyirli işlər görsünlər”.