Suraxanı rayonunda 18 evdən oğurluq edən şəxslər saxlanılıblar VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Hövsan və Suraxanı qəsəbələrində evlərdən oğurluq edən şəxslər Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Samir Abdullayev və Hüseynağa Bağırov tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı S.Abdullayevin Hövsan qəsəbəsində 10, H.Bağırovun Suraxanıda 8 mənzildən pul, qızıl-zinət, məişət əşyaları, təmir-tikinti alətləri oğurladıqları məlum olub.
Faktla bağlı saxlanılan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.