Qusarçayın sel təhlükəsi olan hissələrində bənd-sahilbərkitmə işləri aparılır VİDEO
Xaçmaz, 5 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə çayların kənarında mühafizə bəndlərinin inşası davam etdirilir.
Xaçmaz Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Xaləddin Məlikov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, çay məcralarının tənzimlənməsi işləri əsasən Qusarçay, Qudyalçay, Qaraçay və Vəlvələçayda həyata keçirilir.
Hazırda rayon suvarma sistemləri idarəsi tərəfindən Qudyalçayın Mollaburhan kəndi yaxınlığından keçən hissəsində bəndvurma işləri görülür. Bu ərazidə çayın məcrası genişlənərək yaxınlıqdakı təsərrüfat sahələri üçün təhlükə yaradıb. İnşa edilən dəmir-beton mühafizə bəndinin uzunluğu 80 metr olacaq. Bənd tikildikdən sonra çayın ətrafındakı ərazilər daşqın və sel sularından tamamilə qorunacaq. Bənd-sahilbərkitmə işləri bu ayın sonuna kimi yekunlaşacaq.
Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma kanallarının təmizlənməsi istiqamətində də işlər görülür. Bu günədək təsərrüfatlararası kanalların və su arxlarının 30 faizi lildən təmizlənib.