REGİONLAR
Erməni hərbçilərinin artilleriya atəşi nəticəsində Ağdam rayonunun suvarma sisteminə ziyan dəyib VİDEO
Ağdam, 7 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini intensiv artilleriya atəşinə tutması nəticəsində Ağdam rayonunda yaşayış evləri, inzibati binalar, sosial obyektlər, elektrik və qaz təsərrüfatı ilə yanaşı, suvarma sisteminə də xeyli ziyan dəyib.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ağdam mexaniki suvarma idarəsinin rəisi Hafiz Əzimzadə AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbirinə bildirib ki, Ağdam rayonunun ərazisinin böyük hissəsi 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib, təbii su mənbələri işğal altında qalıb. Xüsusən Sərsəng su anbarının işğal altında olması rayonda əkinlərin suvarma suyu ilə təminatında çətinliklər yaradıb. Odur ki, rayonun işğal altında olmayan ərazilərindəki əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi əsasən subartezian quyuları vasitəsilə həyata keçirilir.
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayan artilleriya atəşi nəticəsində mexaniki suvarma idarəsinin inzibati binasına, bir texnikaya və ilkin məlumata görə, 6 subartezian quyusuna ziyan dəyib. Bundan başqa, yüksək gərginlikli elektrik xətlərinin qırılaraq üst-üstə düşməsi nəticəsində 32 ədəd subartezian quyusunun nasosu yanıb. "Düşmənin artilleriya atəşinə baxmayaraq, əkinlərin suvarma suyu ilə təmin olunmasını yerinə yetiririk. Hər birimiz özümüzü bir əsgər hesab edərək, rayonun suvarma suyuna olan təminatını ödəməyə çalışırıq", - deyə H.Əzimzadə bildirib.
Qeyd edək ki, Ağdam mexaniki suvarma idarəsi rayonun 35 min 400 hektar əkin sahəsinin suvarılmasını, eləcə də 75 min nəfər əhalinin içməli və təsərrüfat suyuna olan tələbatının ödənilməsini həyata keçirir. İdarənin balansında 964 ədəd subartezian quyusu, 4 nasos stansiyası, 11 kəhriz, 4 suyığıcı göl, 365 kilometr suvarma kanalı, 192 hidrotexniki qurğu var.