REGİONLAR
Laçın sakini: Doğma yurduma Laçın yəhərli Qarabağ atımla qayıdacağam VİDEO
İmişli, 2 dekabr, AZƏRTAC
Laçına böyük arzularla qayıtmağı gözləyən laçınlıların 28 illik həsrəti başa çatıb. Arzusu gerçəkləşən Laçın sakini 82 yaşlı İldırım kişi öz yurduna Laçın yəhərli Qarabağ atı ilə dönməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, İmişlidə məskunlaşan Laçın sakinləri də torpaqlarının azad edilməsini sevinc hissi ilə qarşılayıb. 28 ildir ki, İmişlidə yaşayan 50-yə yaxın Laçınlı ailə indi doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyir.
Laçının Malıbəy kənd sakini 82 yaşlı İldırım Rüstəmov Laçına qayıtmaq üçün atını yəhərləyir. İldırım kişi deyir: “Müzəffər Ali Baş Komandanın və güclü Ordumuzun sayəsində Laçın bu gün azaddır. Çox tezliklə biz yaylaqlarımıza qovuşacağıq. Mən hər zaman arzu edirdim ki, Laçına bu atla qayıdım. Çünki bu at, bu yəhər və xurcun mənə Laçından xatirədir. Mən Laçından gələndə bir Qarabağ atı gətirmişdim. Bu at da həmin Qarabağ atının nəslindəndir. Yəhər isə Laçında yaşayarkən istifadə etdiyim yəhərdir, 28 ildir ki, onu qoruyub saxlayıram. İnanırdım ki, Qarabağ atı ilə öz yurdumun işıqlı yaylağına qayıdacağam. Allah şəhidlərimizə rəhmət etsin. Bu gün sevincimin həddi-hüdudu yoxdur”.