Yeni ödənişli avtomagistralın Xızı rayonunun 2 qəsəbəsi arasındakı hissəsinin tikintisi yekunlaşıb VİDEO
Bakı, 15 dekabr, AZƏRTAC
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikinti işləri sürətlə davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb. Layihənin və I hissənin başlanğıcı mövcud M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometr olmaqla, yeni yolun 7 kilometrlik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud örtük sökülərək yararsız material qazılıb çıxarılıb, daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri icra edilib, yol geyimi tikilib. Yeni layihələndirilən yolun I hissəsi üzrə yolun əsas layı və asfalt-beton örtük inşa edilib.
Layihə üzrə 2 yol qovşağı, 1 yolötürücüsü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min poqonmetr beton baryerlərin tikintisi də icra olunub.
“Yaşma bağları” yaşayış məntəqəsindən başlayan və 150 kilometr uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Dörd hərəkət zolaqlı yolun hər bir zolağının və çiyinlərin eni 3,75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27.5 metr təşkil edir. Tikinti işləri 5 hissə üzrə aparılır. Bu, yeni yolun 0-30, 30-53,5, 53,5-73,5, 73,5-92 və 92-150-ci kilometrlik hissələrini əhatə edir.
Hazırda tikinti işləri yeni magistralın 5-ci, Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən hissəsi üzrə sonuncu mərhələdə davam etdirilir. Yeni istiqamət üzrə inşa edilən və mövcud magistral avtomobil yolundan 13 kilometr qısa olan sözügedən hissənin uzunluğu 58 kilometrdir. Digər 3 hissə üzrə isə tikinti işlərinin 2021-ci ilin 2-ci yarısında yekunlaşdırılması planlaşdırılır.
Ümumilikdə, yeni inşa edilən 150 kilometrlik yolboyu 39 qovşaq və yolötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu çərçivədə işlər artıq yekunlaşır.
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayırıcı zolaqda beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 metr olmaqla) nəzərdə tutulur.
Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.