SİYASƏT
Xarici işlər naziri: Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb VİDEO
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, bütün hərbi əsirləri Ermənistana təhvil verib. Hətta hərbi əməliyyatlar zamanı da Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə əsirlərin qarşı tərəfə verilməsi üçün müvafiq addımlar atılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov martın 15-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“Azərbaycan dövlətinin bu məsələdə mövqeyi çox açıq və aydındır. Biz üçtərəfli Bəyanata uyğun olaraq, hərbi əməliyyatlar zamanı və ondan əvvəl tutulmuş bütün hərbi əsirləri Ermənistan tərəfinə qaytarmışıq”, - deyə nazir qeyd edib.
Ceyhun Bayramov əlavə edib ki, noyabrın 26-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistanın Şirak rayonundan göndərilən silahlı şəxslər hərbi əsir deyillər. Hüquq-mühafizə orqanları bununla bağlı araşdırmaları davam etdirir. Hətta bu günlərdə də Ermənistan tərəfi tikinti materiallarının daşınması üçün nəzərdə tutulmuş maşınlarla hərbçilərini işğaldan azad edilmiş ərazilərə göndərməyə cəhdlər göstərir. Bu barədə Azərbaycan BMT Baş Assambleyasını məlumatlandırıb.