Suraxanıda evdən külli miqdarda pul oğurlayan şəxslər saxlanılıb VİDEO
Bakı, 19 aprel, AZƏRTAC
Paytaxtın Suraxanı rayonunda evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxslər zərərçəkənin mənzilindən 11 min 600 manat oğurlayıblar.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “isti” izlərlə həyata keçirilən əməliyyat nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mübariz Yəhyayev, Natiq Əhmədov, Şahin Rzazadə və Kəmalə Mehdiyeva saxlanılıblar.
Oğurlanan pulun bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq götürülüb.
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri Zamiq Heydərov və Asudə Sultanova saxlanılıb. Onların üzərindən və yaşadıqları evlərdən heroin, eləcə də digər növ narkotik vasitələr aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına, habelə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzi Sistemi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.