REGİONLAR
Beyləqan: düşmənin atəşi nəticəsində əhaliyə dəymiş ziyan aradan qaldırılır VİDEO
Beyləqan, 21 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ötən il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi və raket atəşinə tutulması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə genişmiqyaslı ziyan dəyib. Düşmənin atəşə tutduğu 11 şəhər və rayonda, o cümlədən Beyləqanda dəymiş ziyanın aradan qaldırılması istiqamətində tikinti, təmir-bərpa işləri həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmənin artilleriya atəşi nəticəsində Beyləqanda vətəndaşlara məxsus 7 ev dağılıb, 50-dən çox yaşayış və qeyri-yaşayış obyektinə müxtəlif dərəcəli ziyan dəyib. Ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə müxtəlif dövlət qurumlarının əməkdaşları və mütəxəssislərdən ibarət işçi qrup tərəfindən obyektlərə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb. Həmin yaşayış evləri və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Nazirlər Kabinetinin 2021-ci il 14 yanvar tarixli Sərəncamına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.
Hazırda Beyləqan rayonunda ziyan dəymiş yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi və təmir-bərpa işlərinin təşkili prosesi Komitə tərəfindən yüksək səviyyədə həyata keçirilir. Dağılmış və ya qəzalı vəziyyətə düşmüş 7 ev yenidən tikilir. Müasir standartlara uyğun inşa olunan bu evlərin 6-sı beşotaqlı, 1-i isə dördotaqlıdır. Evlərdə hörgü işləri artıq yekunlaşıb, bəzilərində isə dam örtüyünün vurulmasına başlanılıb. Daxildə isə suvaq işləri aparılır.
Bununla yanaşı, ziyan dəymiş 40-dan çox yaşayış və qeyri-yaşayış obyektinin təmir-bərpa işləri gedir ki, onların da böyük bir qismində işlər yekunlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Tikinti və təmir-bərpa işləri qrafik üzrə davam etdirilir, onların mümkün qısa bir zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi planlaşdırılır.