REGİONLAR


Jurnalistlər Suqovuşan ərazisində minaların təmizlənməsi prosesi ilə tanış olublar VİDEO

Tərtər, 22 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad edilən ərazilərdə ermənilərin basdırdığı minalar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən təmizlənir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayonunun işğaldan azad edilən Suqovuşan kəndi ərazisində minaların təmizləndiyi sahələrə mediatur təşkil olunub.

ANAMA-nın əməkdaşı Şahin Allahverdiyev aparılan minatəmizləmə əməliyyatı barədə jurnalistlərə məlumat verib. Bildirib ki, ilkin olaraq Suqovuşana çəkilən yolun keçdiyi ərazilər minalardan və digər partlamamış sursatlardan təmizlənib. Hazırda "Azərişıq" ASC və Meliorasiya və Su Təsərrüfatı ASC-nin çəkəcəyi infrastruktur xətlərinin keçəcəyi ərazilərin təmizlənməsi həyata keçirilir. Ərazidə indiyədək 1097 ədəd tank və piyada əleyhinə mina, 1500-dən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Hazırda minatəmizləmə işləri əllə, mexaniki maşınlarla və minaaxtaran itlər vasitəsilə davam etdirilir.

ANAMA-nın regional əməliyyat meneceri Ramil Əzizov məlumat verib ki, ərazidə düşmənin basdırdığı 15 mina xətti var. Minaların sıxlığının çox yüksək olması və Ermənistan tərəfindən minalanmış ərazilərin xəritəsinin verilməməsi təmizləmə işlərində çətinliklər yaradır. Həmçinin minaların ətrafına səpələnmiş metal qırıntıları işlərin aparılmasını çətinləşdirən süni maneələrdir. Bundan başqa, tank əleyhinə minaların çoxunun plastik materialdan olması və düşmən tərəfindən tələlərin yaradılması minalardan təmizləmə işlərini çətinləşdirir.

Ramil Əzizov işğaldan azad edilmiş ərazilərə getməyin mülki şəxslər üçün həyati təhlükə olduğunu bildirərək, vətəndaşları belə səfərləri etməməyə çağırıb.

Media nümayəndələri əllə, mexaniki maşınlarla və minaaxtaran itlər vasitəsilə həyata keçirilən təmizləmə işlərinə baxıblar. Mediatur çərçivəsində, həmçinin ermənilərin mifik obraza çevirdiyi “Ohanyan xətti”ndə də düşmən tərəfindən yaradılan maneələr və mina əraziləri ilə tanışlıq olub. Məlumat verilib ki, tank və piyadaların hücumlarının qarşısının alınması məqsədilə yaradılmış "Ohanyan xətti"nin ön və arxa hissəsində ərazilər minalanıb. Düşmənin belə sədd yaratmasına baxmayaraq, şanlı Azərbaycan Ordusu əks-hücumla həmin ərazidə qısa müddətdə düşmən səddini yara bilib. Müzəffər ordumuz qarşısında tab gətirə bilməyən ermənilər işğalda saxladığı Azərbaycan torpaqlarından çıxmağa məcbur olub.

Bir həftə ərzində aşkar edilmiş mina və partlamamış hərbi sursatlar partlayış yolu ilə zərərsizləşdirilib.

Media nümayəndələri səfər çərçivəsində işğaldan azad edilmiş Suqovuşan kəndi ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.