REGİONLAR
Qubada sahibsiz itlər üçün sığınacaq istifadəyə verilib VİDEO
Quba, 23 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 23-də Qubada sahibsiz itlər üçün “Sadiq dost” adlanan sığınacaq istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir hektar ərazini əhatə edən sığınacaqda itlərin saxlanılması üçün xüsusi yerlər, karantin-reabilitasiya otaqları yaradılıb.
Quba Rayon İcra Hakimiyyəti və Quba şəhər bələdiyyəsinin təşəbbüs və təşkilatçılığı ilə həyata keçirilən layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, İsrailin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Doron Peer, Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin sədr müavini Fərid Mansurov bu gündən fəaliyyətə başlayan “Sadiq dost” sığınacağında yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, Quba şəhəri ərazisində sahibsiz itlər toplanaraq sığınacağa təhvil veriləcək. Burada həmin heyvanlar peyvəndlənəcək, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyat aparılacaq. Mərkəzdə müalicə olunmuş sahibsiz heyvanlara fərqləndirici nişanlar vurulacaq.
Sığınacaqdakı baytarlıq klinikası sahibli heyvanlara da xidmət göstərəcək. İstənilən şəxs bu mərkəzə müraciət edərək it və pişiklərini sterilizasiya və peyvənd etdirə bilər.