REGİONLAR
“Keşikçidağ” qoruğundan tapılan maddi-mədəniyyət nümunələri bərpa edilir VİDEO
Ağstafa, 11 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC
“Keşikçidağ” mağaralar kompleksi ərazisində ilk arxeoloji qazıntılar 2011-ci ildən başlanıb. Ərazinin tarixi abidələrlə zənginliyi bu məkanın araşdırılmasına ehtiyacı artırıb.
AZƏRTAC xəbər verir ki, ötən ilin dekabrından Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən arxeoloji qazıntı işlərinə başlanılıb. Zəngin tapıntılar, maddi-mədəniyyət nümunələri əsasən kurqanlarda, “Qaltan” və “Karvan” dərələrindən aparılan qazıntılarda aşkarlanıb.
Ötən ilin yayında “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisinə yolun çəkilişlərinə başlanıldı. Nəticədə həmin ərazidə tarixi abidələrin olduğu müəyyən edildi və tezliklə arxeoloji qazıntı işlərinə start verildi. Həmin ərazidən tapılan maddi-mədəniyyət nümunələri bu gün qoruğun inzibati binasında bərpa olunur.
Qorunan opsidian tipli daşlar, tunc məmulatlar Son tunc - İlk dəmir dövrünü əhatə edir. Bərpa işi olduqca səbir, təmkin və riyazi dəqiqlik tələb edir. Elə qoruğun əməkdaşı Fazilə Hüseynova da bu dəqiqliyi qoruyub saxlamaqla tarixə yeni nəfəs verməyə çalışır. Tapıntılar həddən artıq qədim və köhnə olduğundan hissələri ilə də olduqca ehtiyatla davranmaq lazım gəlir.
“Biz tapıntıları öz köhnə görünüşünü saxlamaq məqsədilə bərpa etməyə çalışırıq. Bu işlərimiz hazırda da davam edir. İyirmiyə yaxın müxtəlif ölçülü, mətbəx təyinatlı saxsı tapıntımız var. Məsələn çölmək, süddan tipli, ədviyyat, darboğazlı, dopu tipli qablarımız üstünlük təşkil edir”, - deyə Fazilə Hüseynova bildirib.
Təxminən 2-3 min ildən çox yaşı olan bu saxsı qablar bişirilib hazırlanmasına, gilin tərkibinə görə də müxtəlif olur. Elə buna görə də bərpa işi zamanı bu amil də əsas rol oynayır. Fazilə Hüseynova deyib: “Tapıntılar möhkəm olanda onları bərpa etmək asan olur. Bəziləri var ki, eroziyaya uğradığından əldə parçalanır. Yəni, ovulub tökülür. Bu işdə mənə əməkdaşlarımız da kömək edirlər”.
Bəzi saxsı tapıntıların bərpası günlərlə vaxt alır. Tarixə olan sevgi və bağlılıq isə bu işin öhdəsindən lazımınca gəlməyə kömək edir.
Bərpa olunan maddi-mədəniyyət nümunələri elə qoruğun inzibati binasında nümayiş etdirilir.