CƏMİYYƏT
FHN taxıl biçini mövsümü ilə əlaqədar əhaliyə müraciət edib VİDEO
Bakı, 22 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) taxıl biçini mövsümü ilə əlaqədar əhaliyə yanğın təhlükəsizliyinə dair müraciət edib.
FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, taxıl tədarükü əhalinin ərzaqla təminatında mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan tez alışma xassəsinə malik taxıl sahələrinin yanğın təhlükəsindən qorunması ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasının vacib şərtlərindəndir.
G.Mehdiyeva vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyi məhz bu amilləri və biçin mövsümünün ilin isti və quraq dövrünə təsadüf etdiyini nəzərə alaraq, əhaliyə, o cümlədən təsərrüfat sahibləri və taxıl yığımında iştirak edən şəxslərə müraciət edib. Müraciətdə yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyi bildirilir, bununla bağlı sadə və zəruri qaydaları bir daha diqqətə çatdırılır:
- taxıl zəmilərində kibrit yandırmaq, açıq oddan istifadə etmək, o cümlədən siqaret çəkmək, zəmilərin yaxınlığında tonqal qalamaq qəti qadağandır! Bu məkanlarda siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır!
- yolla hərəkət edərkən tam söndürülməmiş siqaret kötüyü və ya kibriti, yanar mayelərlə islanmış materialları, eləcə də şüşə qab və şüşə qırıntılarını ətrafa atmaq yolverilməzdir;
- taxıl zəmilərinin ətrafı quru ot və tullantılardan vaxtaşırı təmizlənməlidir;
- biçində iştirak edən texnikalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, biçinə başlamazdan əvvəl yanğın-texniki müayinədən keçirilməlidir;
- işdən sonra texnikanın sahələrdə saxlanılması, gecə vaxtı yanacaqla doldurulması, yanacaq və yağların ətrafa tökülməsinə yol verilməsi, texnikalarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması qəti qadağandır!
- tarla düşərgələri, taxıltəmizləmə xırmanları, ot və küləş tayaları yığılan sahələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;
- yanğın baş verərsə, iş dərhal dayandırılaraq ətrafdakılar məlumatlandırılmalı, əlaltında olan ilkin yanğınsöndürmə vasitələri ilə (odsöndürən, motopompa, su, torpaq, qalın parça materialı və s.) yanğını söndürməyə çalışılmalı və 112 - qaynar xəttinə məlumat verilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!