REGİONLAR


“Birlikdə yaşadaq” layihəsi çərçivəsində İmişlidə sərgi və tamaşa nümayiş olunub VİDEO

İmişli, 23 iyun, Aydın Yavərzadə, AZƏRTAC

ASAN könüllüləri tərəfindən “Birlikdə yaşadaq” silsilə tədbirləri davam edir. Növbəti dəfə İmişli rayonunda gerçəkləşən tədbir çərçivəsində könüllülər tərəfindən hazırlanan əl işləri sərgilənib və tamaşa nümayiş olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli Regional “ASAN xidmət” mərkəzində açıq havada keçirilən satış-sərgidə bir-birindən maraqlı əl işləri nümayiş olunub. Sərginin ərsəyə gəlməsində könüllülərə rayonun fəal gəncləri də dəstək olub. Onlar bu sərgidə müxtəlif mövzulara toxunublar. Burada hərbi vətənpərvərlik ruhunda ərsəyə gələn rəsm əsərləri və əl işləri üstünlük təşkil edib. Bu isə sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Könüllülər üzrə məsul şəxs Səbinə Məmmədova deyib ki, artıq iki aydan çoxdur, layihə üzərində işlər gedir. Sərgilənən əl işləri 44 gülük şanlı Qələbəyə həsr olunub və ümumilikdə 50-dən çox rəsm və əl işləri mövcuddur.

“Birlikdə yaşadaq” adlı tədbir təkcə sərgi ilə yekunlaşmayıb. Könüllülər tamaşa səhnələşdirməklə də öz bacarıqlarını nümayiş etdiriblər. “Xalqıma xidmət edəcəyəm” tamaşası diqqətlə izlənilib.

Könüllü Lamiyə Quliyeva söyləyib ki, könüllülərin ərsəyə gətirdiyi “Xalqıma xidmət edəcəyəm” adlı tamaşa vasitəsilə Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik ənənələri həm gənclərimizə, həm də xalqımıza ithaf olunur. Bu tamaşadan gələn vəsait isə Azərbaycan Respublikası Prezidentinin yaratdığı “YAŞAT” Fonduna ianə ediləcək.

Tədbirdə iştirak edən “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovun sözlərinə görə, burada bir məna var ki, bizim könüllülərimizin hamısı tələbədirlər, onlar heç bir yerdə əmək fəaliyyəti ilə məşğul olmurlar. Amma bunlar öz dəyərli zamanını ayırıb, həm tamaşa səhnələşdiriblər, eyni zamanda, rəsm əsərləri çəkiblər. Öz əməklərindən, zəhmətlərindən əldə olunacaq qazanc bu könüllülərin ilk qazancıdır. Onu da “YAŞAT” Fonduna ianə edirlər ki, şəhid ailələrimizə və qazilərimzə dəstək olsunlar.

Qeyd edək ki, ilk belə tədbir könüllülər tərəfindən Tovuz Regional “ASAN Xidmət” mərkəzində təşkil olunub. Xatırladaq ki, “YAŞAT” Fondu Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinə və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərə dəstək olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.