REGİONLAR
Şəbəkə ustası Hüseyn Hacımustafazadə İstanbulda keçirilən beynəlxalq festivalda ölkəmizi layiqincə təmsil edib VİDEO
Şəki, 14 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Şəbəkə sənətinin sirlərinə mükəmməl səviyyədə yiyələnən tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadənin əl işləri nəinki ölkəmizdə, onun hüdudlarından kənarda da böyük maraq doğurur, əsərləri bir sıra xarici ölkələrin muzeylərini bəzəyir, sərgilərdə nümayiş etdirilir. Şəkili şəbəkə ustası bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçirilən “Əməyin eşqi ilə yaradan əllər” adlı beynəlxalq festivalın iştirakçısı olub, Azərbaycanın şəbəkə sənətini qardaş ölkədə layiqincə təmsil və təbliğ edib.
AZƏRTAC-ın bölgə müxbiri İstanbul festivalından yenicə qayıdan Hüseyn Hacımustafazadə ilə görüşüb, festival barədə təəssüratlarını öyrənib.
Şəbəkə ustasının sözlərinə görə, festivalda dünyanın 65 ölkəsindən ən yaxşı, tanınmış el sənətkarları iştirak edib. Azərbaycan festivalda 3 sənətkarla - xalçaçı, kilimçi və şəbəkə ustası ilə təmsil olunub.
Festivala təqdim etdiyi əl işlərinin çox böyük marağa səbəb olduğunu vurğulayan sənətkar deyib: “İstanbul festivalında şəbəkə sənəti ilə yalnız ölkəmiz təmsil olunurdu. Festivala gələn qonaqlar, ziyarətçilər şəbəkə sənətinin incəlikləri ilə yaxından maraqlanırdılar. Onlara məlumat verdim ki, şəbəkə sənətinin ən incə, zərif növləri Şəki Xan Sarayını bəzəyir. UNESCO-nun 2019-cu ilin iyulunda Bakıda keçirilən 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi bu təşkilatın Ümumdünya İrs Siyahısına daxil edilib. Sevindirici hal idi ki, festivalla bağlı hazırlanan kataloqda Azərbaycandan dəvət olunan sənətkarlar və onların əl işləri barədə məlumat ən başda qeyd olunmuşdu. Hər zaman çalışıram ki, ölkəmi, doğma şəhərimi belə beynəlxalq festivallarda layiqincə təmsil edim”.
Hüseyn usta bildirib ki, beynəlxalq festivallarda, sərgilərdə iştirak etmək onda böyük ruh yüksəkliyi yaradır, yaradıcılığına çox yaxşı təsir göstərir. Sənətkar çalışır ki, belə festivallarda hər dəfə yeni əsərlərlə iştirak etsin, təkrarçılığa yol verməsin.
“Hazırda müəllifi olduğum “xalça-şəbəkə”nin yeni variantı üzərində işləyirəm. Xalça formasında hazırladığım yeni əsərimə əvvəllər işləmədiyim ornamentlər, naxışlar daxil edirəm. Yeni əsərim sentyabrın sonunadək hazır olacaq. Növbəti festivala bu əsərimlə qatılmağı düşünürəm”,- deyə Hüseyn Hacımustafazadə bildirib.